Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı hazırda muzey kimi fəaliyyət göstərir. "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.
30 metr uzunluğa malik olan iki mərtəbəli saray 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilib. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulub.
Saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biridir. Şəki Xan sarayı şəhərin tarixi mərkəzi ilə birlikdə Ümumdünya İrs siyahısına daxil edilib.