Şəki Tarix Diyarşünaslıq Muzeyi

Şəki şəhəri, Qala divarları

Şəki Tarix Diyarşünaslıq Muzeyi 1925-ci ildən fəaliyyət göstərir. Müxtəlif illərdə fərqli binalarda fəaliyyət göstərən Muzey 1980-ci ildən etibarən Şəkinin səfalı bir guşəsində - Qala Divarları arasında  1895-ci ildə kazarma məqsədi ilə tikilmiş binada yerləşir.

TARİXİ 

Şəkidə muzeyin təşkili məsələsi ilk dəfə Maarif Komissarlığının 20 avqust 1925-ci il tarixli iclasında qaldırılıb. Həmin iclasda qərara alınıb ki, muzey keçmiş Xan Sarayında təşkil edilsin. Azərbaycan Dövlət Muzeyi Xalq Maarif Komissarlığının tabeliyində olduğuna görə Şəkidə açılacaq muzey də Nuxa (Şəki) Xalq Maarif Şöbəsinin tərkibinə verilib. Kazarma məqsədilə tikilmiş bu binaya muzey 1980-ci ildən köçürülüb. 
Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında sərgilənir. Ümümi sahəsi 924 km ² təşkil edən binanın 724 m2-də ekspozisiya zalları yerləşir. 

Muzeydə Təbiət; Qədim dövr; Etnoqrafiya; Cumhuriyyət; Elm, mədəniyyət, maarif və səhiyyə; Döyüş şöhrəti; İpəkçilik;  Kənd təsərrüfatı; Şəkinin süfrə və mətbəx mədəniyyəti;  Ümummilli lider H. Əliyevin Şəkiyə səfərini əks etdirən şöbələri var.

Şəki Tarix-Diyarşünaslıq muzeyində 16 muzey işçisi çalışır. 

MARAQLI EKSPONATLARI

•    Muzeydə qorunan faytonda 1920-ci ildə siyasi ictimai xadim Nəriman Nərimanov Yevlaxdan Şəkiyə gəlib. O, öz xatirələrində yazırdı: “Mən Yevlaxdan Şəkiyə Abdulkərim dayının faytonunda gəldim. O, elə şirindil kişi idi ki, bilmədim 6 saata, yoxsa 6 dəqiqəyə gəldim”. 
•    Qəhvə dəmləmək üçün hazırlanmış qədim samovar.
•    Muzeydəki hamam sandığı (seyfi) o vaxtlar qız-gəlinlərin hamama gedərkən üzərilərində daşıdıqları bəzək əşyalarını saxlamaq üçün istifadə olunub. Sandığın üzərində Sədi Şirazinin hamam şeiri həkk olunub.

TƏDBİRLƏR VƏ SƏRGİLƏR 

Şəki Tarix Diyarşünaslıq Muzeyinin eksponatları Efiopiyada, Madaqaskarda, İordaniyada, Pakistanda keçirilən sərgilərdə nümayiş etdirilib. Muzeyimiz Tümen vilayətinin  Xantı-Mansiyck şəhərində yerləşən “Çelovek i Priroda” muzeyi ilə əməkdaşlıq edir. Xarici ölkələrlə yanaşı, Bakı şəhərində, Şəki Türk Litseyində, 1 nömrəli internat məktəbində və digər məktəblərdə keçirilən tədbirlərdə muzey eksponatlarından ibarət sərgilər təşkil edilir. 

Hər il 18 Aprel “Tarixi abidələr ”və 18 May“Muzeylər günü” münasıbətilə "Açıq qapı" günləri  keçirilir.  İl ərzində  həm yerli, həm də xarici turistlər muzeylə tanış olur və “Rəy kitabı”nda öz təəssüratlarını yazırlar. 

Muzeydə hər il  iyunun 1-də şəhərin uşaq bağçalarında tərbiyə alan balacalar üçün "Uşaqlar bizim gələcəyimizdir'' adlı tədbir keçirilir. Şəhərin hərbi hissələrində qulluq edən əsgər və zabitlərin muzeyə  gəlişi təşkil edilir.

Xəbərlərə abunə olun