Şəkidə şəhid övladları üçün payız düşərgəsi keçirilib

Dövlət Turizm Agentliyinin, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhid övladları və ailə üzvləri üçün Şəki şəhərində Payız düşərgəsi təşkil olunub.

Payız düşərgəsində ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Gəncə, Şəmkir, Lənkəran, Astara, Masallı, Yardımlı və Şəkinin özündən 51 məktəbli və onların valideynləri iştirak edib. Dörd gün ərzində Azərbaycanın ən gözəl və qədim şəhərlərindən birində təşkil olunan düşərgə çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 70 şəhid ailə üzvü qatılıb.

Düşərgə zamanı uşaqlar UNESCO-nun Ümumdünya İrs siyahısında olan Şəkinin tarixi mərkəzi, Qala divarları daxilindəki tarixi-mədəni abidələr və muzeylərlə tanış olublar. Şəhid ailə üzvləri Şəki Xan Sarayı, Şəkixanovların Evi, Karvansaraylar kimi unikal memarlıq abidələrini ziyarət ediblər, Şəki Dövlət Rəsm Qalereyası, Kiş alban məbədində nümayiş etdirilən tarixi və mədəni nümunələr haqqında bilgi alıblar. Uşaqlar Şəki Xan Məscidinin sərgi zalı ilə yanaşı, bu şəhərdən olan yaradıcı şəxslərin və ədiblərin – Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin ev muzeylərini ziyarət ediblər.

Düşərgə iştirakçıları üçün təşkil edilən proqram çərçivəsində uşaqlar ABAD keramika və tətbiqi sənət mərkəzində dulusçuluq, ebru sənəti üzrə ustad dərslərinə qatılıblar, “Şəki Bio Garden” botanika bağına səfər ediblər.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirak ediblər. Tədbirə fəxri qonaq qismində Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov da qatılıb.

Proqram çərçivəsində düşərgə iştirakçıları üçün “Zəfər sədası” adlı musiqili tədbir də keçirilib. Tədbirin bədii hissəsində Azərbaycanın xalq artistləri konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, noyabrın 11-dək davam edəcək layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhid ailələrini bir araya toplamaq, onlarin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, həmçinin uşaqlara Azərbaycanın tarixi məkanlarını tanıtdırmaqdan ibarətdir.

Xəbərlərə abunə olun