Xınalıq Kənd Mədəniyyət Evi

Quba rayonu, Xınalıq kəndi

Xınalıq kənd Mədəniyyət Evində kənd sakinlərinin asudə vaxtını keçirməsi üçün şərait yaradılıb. 

Bundan əlavə, Xınalıq Mədəniyyət Evində həm də dövlət qurumlarının keçirdiyi toplantılar, yığıncaqlar təşkil olunur, müxtəlif mövzularda təlimlər keçirilir. 

XINALIQ HAQQINDA

Kəndin adının yaranması ilə bağlı bir neçə versiya var. Rəvayətlərə görə, Günəş çıxdıqda kəndi əhatə edən dağ xına rənginə boyandığından, bu yaşayış məntəqəsinə Xınalıq adı verilib. Ehtimallardan biri isə kəndin adının yalnız burada bitən və xına rəngində olan bir bitkinin adından yaranması ilə bağlıdır. Bəzi fərziyyələrə əsasən, Xınalıq adı ilə XI əsrin Albaniyasındakı Xeno (Xena, Xeni) şəhərinin adı arasında əlaqə var. Hazırda bu şəhərin qalıqları Rusiyanın Dağıstan tərəfində Azərbaycanla sərhəddə yerləşir.

Xınalıq yer adına ilk dəfə XV (1457-1459) əsrdə Mahmud Əl Xinaluqinin “Şirvan və Dağıstan hadisələri“ əlyazmasında rast gəlinir. Mahmud özünə Xınalıqlı təxəllüsünü götürüb. Bu da Xınalıq adından istifadə olunan ilk yazılı mənbədir.

Tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Hətta kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlmək olar.

Xınalıq ərazisində ilkin məskunlaşmaya aid faktlar erkən tunc dövrünə (e.ə IV minilliyin sonu) aiddir. 2010-2012-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində burada “Zangar (Xınalıq)” adlı qədim yaşayış məskəni aşkar edilib.

VIII əsrdə Xınalıq sakinləri Dərbənd hakimi Hişamın qardaşı Abu Müslüm vasitəsilə İslam dinini qəbul edirlər. Bu ərazidə ən qədim məscid də məhz Xınalıqda Abu Müslümün əmri əsasında tikilib.

XII-XVIII əsrlərdə bu ərazilərdə çoxlu türbələr və məscidlər inşa edilib. 

ƏHALİSİ  

Azərbaycanın yüksəklikdə yerləşən dağ kəndlərindən birində məskunlaşan Xınalıq əhalisi özünəməxsus unikal dili olan kiçik etnik qrupdur. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru, o cümlədən dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları var.

Maraqlıdır ki, yerli sakinlər Xınalığa öz dillərində Kətiş deyirlər. Xınalığın sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Toy, yas və digər mərasimlər, bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə ötürülür. 

Xınalıq həm də uzunömürlülər məskəni hesab edilir.

Xınalıq əhalisi doğma kəndləri ilə yanaşı, Quba rayonunun digər kəndlərində də yaşayırlar. Təbiətin onlara verdiyi resurslardan istifadə etməklə sərt iqlim şəraitində yaşayan Xınalıq sakinləri tarix boyu köçəri heyvandarlıqla məşğul olublar. 

Xəbərlərə abunə olun