“Yanardağ” - dağın ətəyində yerin təkindən çıxan təbii qazın alovlanması və heç vaxt sönmədiyinə görə yaranmış nadir təbiət hadisəsidir. Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır.
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Abşeron rayonunun Məmmədli kəndinin qərbində, Bakı şəhərinin mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məmmədli-Digah şose yolunun solunda yerləşir.
Qoruğun tərkibində “Yanardağ” – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var.
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda müasir muzey də fəaliyyət göstərir. Ənənəvi muzey eksponatlarının, 3D maketlərin, videoinstallyasiyaların və videoçarxların ahəngi bu unikal yer ilə daha ətraflı tanış olmaq üçün faydalı zəmin yaradır.
Muzeydəki “İşıq və kölgə oyunu”, "Unudulmuş əcdadların kölgələri" adlı müasir installyasiya da “Yanardağ” turizm kompleksinin ekspozisiyasının mühüm tərkib hissəsidir.
Qoruq ərazisində Açıq səma altında yaradılan Kromlex daş sərgisinə maraqlı eksponatlar toplanılıb. Bunlar – təsərrüfatda istifadə edilən müxtəlif formalı daşlardır. Burada qədim su qabları, əl dəyirmanları, üzüm sıxmaq üçün formalar da nümayiş etdirilir.