Xınalıqda evlərin bərpası mərhələli şəkildə həyata keçirilir

Oktyabrın 14-də Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işlərinə baxış keçirilib. 

Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyətini vurğulayaraq dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən və qışı sərt keçən Xınalıq kəndi ərazisində uçqunların baş verdiyini, evlərin istismar müddətinin bitməsi səbəbindən təhlükəsizlik amili nəzərə alınaraq qoruq ərazisində zəruri tədbirlərin icrasına başlanıldığını qeyd edib. O, kənddə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyünü və bu səbəbdən təmir və bərpa işlərinin mərhələli şəkildə icra olunmasının vacibliyini diqqətə çatdırıb. Fuad Nağıyev əlavə edib ki, hazırda tikinti və bərpa işlərinin ikinci mərhələsi davam etməkdədir və növbəti üçüncü mərhələdə qəzalı vəziyyətdə olan 100-ə yaxın evin 2026-cı ilədək təmir-bərpası nəzərdə tutulur. Fuad Nağıyev qoruqda aparılan təmir-tikinti və bərpa işlərinin Xınalıq kəndində məşğulluğun artırılması, əhalinin gəlirlilik səviyyəsinin və sosial rifah halının yüksəlməsinə də töhfə verdiyini bildirib. 

Qeyd olunub ki, Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin təxminən 160-ı kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib.
 
Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq. 

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu 2001-ci ildə Azərbaycanın “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri” siyahısına, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edilib. 
Həmçinin 2022-ci ilin fevralında Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün YUNESKO-nun Dünya İrs Komitəsinə təqdim edilib.  

Nominasiya sənədində yay və qış otlaqlarındakı mövsümi həyat tərzinə aid qeyri-maddi mədəni irs, o cümlədən həmin otlaqlar arasında gediş-gəliş üçün köç yolundan əsrlər ərzində istifadə edilməsi nəticəsində yaradılmış maddi-mədəni irs elementlərin (türbələr, qəbiristanlar, körpülər və s.) müstəsna ümumbəşəri dəyərə malik olması vurğulanır. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqlarda aparılan bərpa və yenidənqurma işlərinin məqsədi turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun təkmilləşdirilməsi və əhalinin məşğulluğunun artırılması məqsədilə zəruri resursların təmin edilməsinə töhfə verməkdir.

Xəbərlərə abunə olun