Şəkiyə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub

İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib. 

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu qeyd edərək şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu bildirib.

Fuad Nağıyev DTA tabeliyində olan qoruqların hər birinin ərazisində aktiv və kompleks işlərin aparıldığını, əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb.

Agentlik sədri UNESKO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa “Xınalıq” qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirərək şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirib.

Elxan Usubov bu hadisəni mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab etdiyini qeyd edib. O, hər il 7 iyul tarixinin Şəkidə “Şəhər günü” olaraq keçirilməsi təklifi ilə çıxış edib.

Şəkinin sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olduğunu vurğulayan icra hakimiyyətinin başçısı hazırda bu şəhərdə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkarın məşğul olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Şəki Azərbaycanda festivallar şəhəri kimi də tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaradıb, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.

Bildirilib ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzalanan çoxsaylı sərəncamlar nəticəsində bu gün şəhər milli memarlıq üslubunu qoruyub saxlamaq şərti ilə müasirləşir, turizm potensialı daha da artır.

7 İyul - Şəkinin Şəhər Günü elan olundu 

Şəkinin zəngin tarixi-mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya görə şəkililər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirən Elxan Usubov çıxışının sonunda hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunmasını təklif edib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, iki il əvvəl Azərbaycanın ən qədim şəhərlərindən Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması ölkəmizin ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda tanınması kimi qiymətləndirilir. “Bu, o deməkdir ki, Şəki Xan Sarayı, tarixi abidələr, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, həm də bəşəriyyətin mədəni irsi hesab olunur. Şəkinin tarixi əhəmiyyətini göstərən bu mühüm hadisə, öz növbəsində region üçün bir sıra iqtisadi imkanlar yaradır. İqtisadi imkanlar bu diyarın turizm potensialının reallaşdırılması deməkdir”,- deyə KOBİA-nın rəsmisi vurğulayıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək, Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında ölkəmizdə mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından bəhs edib.

Tədbirdə çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov deyib: “Bugünkü tədbirin iyulun 7-də gözəl Şəki şəhərində, tarixi Xan Sarayının qarşısında təşkil edilməsi böyük rəmzi məna daşıyır. Belə ki, iki il əvvəl ölkəmiz UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib. Bu sessiyada Azərbaycan tərəfindən Ümumdünya İrs Mərkəzinə təqdim olunan “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” faylı məhz 7 iyulda UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin, onun qədim tarixinin zənginliyini ifadə edir. Bu, həm də Xan Sarayının, qədim Şəkinin tarixi abidələrinin bütün bəşəriyyətin mədəni sərvəti olaraq qəbul edilməsi anlamına gəlir. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat mədəni irsimizi qoruduğumuza, təşviq etdiyimizə və gələcək nəsillərə ötürdüyümüzə görə xalqımıza təqdim olunan rəmzi bir təşəkkürnamədir”.

Sonra Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olma ilə bağlı UNESCO sertifikatını Fuad Nağıyevə və Elxan Usubova təqdim edib.

Tədbir çərçivəsində, həmçinin Şəkidə tarixi-mədəni irsin qorunub saxlanması və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə bir qrup şəxs təltif olunub. Təltif olunanlar arasında Qoruqları İdarəetmə Mərkəzinin əməkdaşları da var.

Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xəbərlərə abunə olun