Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi üçün bu ərazidə tikililərlə bağlı müəyyən qaydalar tərtib olunub. Şəhərin tarixi mərkəzində hansısa binanın bərpası və ya ümumiyyətlə yeni tikili ilə bağlı layihə işlənilərkən həmin tələblərə əməl olunmalıdır.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisləri bu qaydaları yenidən işləyərək çapa hazırlayıblar. “Şəkinin tarixi mərkəzində bərpa işləri və yeni layihələr üçün təlimat kitabçası” adlı nəşrin təqdimatı elə Şəkinin özündə keçirilib. Şəki Sənətkarlar Evində baş tutan təqdimatda şəhərin baş memarı, inşaat mütəxəssisləri iştirak ediblər.
Təqdimat zamanı Qoruqları İdarəetmə Mərkəzinin əməkdaşı, memar Pərviz Poluxzadə tədbir iştirakçılarına kitabda yer alan qaydalar haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, “Şəkinin tarixi mərkəzində bərpa işləri və yeni layihələr üçün təlimat kitabçası” Dövlət Turizm Agentliyinin mütəxəssisləri tərəfindən yenidən işlənərək çap edilib.