QİM-in əməkdaşı mədəni irs və turizmə həsr olunmuş seminarda çıxış edib

Bu gün Xəzər Universitetinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf naminə mədəni irs və turizm” mövzusunda virtual seminar keçirilib. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (QİM) layihələr üzrə mütəxəssisi Elçin Kərimov “Azərbaycanda mədəni irsin qorunması və mədəni turizm: Şəkinin tarixi mərkəzi” mövzusunda məruzə ilə çıxış edib. Tədbirin əsas məqsədi Azərbaycanda mədəni irsin qorunması və ölkənin turizm imkanlarına diqqəti yönəltməkdən ibarət olub. 

E.Kərimov seminar iştirakçılarını mədəni irs anlayışı, mədəni irsin mühafizəsi sahəsində qanunvericilik sənədləri, bu irsin qorunması mərhələləri ilə tanış edib. Turizmin mədəni irsin həm istifadəsində, həm də təbliğində böyük rol oynadığını qeyd edən E.Kərimov buna nümunə olaraq Şəkidən danışıb. 50-ə yaxın tarixi və mədəni abidəsi, sarayları, tarixi məscidləri ilə məşhur olan Şəkini hər il 100 min xarici, 200 min yerli turist ziyarət edir. Qeyd olunub ki, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.

QİM-in əməkdaşı Xəzər Universitetinin tələbə və müəllimlərinə Şəkinin tarixi mərkəzinin şəhər strukturu, bu qədim şəhərin məşhur kirəmitli damları, bağçalı evləri haqqında təqdimat keçirib. Həmçinin, Şəkinin qeyri-maddi mədəni irs növləri - dulusçuluq, ağacoyma, şəbəkə sənətinin mühafizəsi və təbliği haqqında da məlumat çatdırıb. 

Erasmus + PICASP layihəsi çərçivəsində keçirilən seminar sual-cavab sessiyası ilə yekunlaşıb. 
 

Xəbərlərə abunə olun