Aprelin 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu və “Kiş” Tarix–Memarlıq Qoruğu üzrə vətəndaşların qəbulunu keçirib. Görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib və müvafiq tapşırıqlar verilib.
Qəbulda Dövlət Turizm Agentliyi tərəfindən qoruq ərazisində dünya miqyaslı və yerli əhəmiyyətli tarixi-memarlıq abidələrinin mühafizəsinin təşkil edildiyi, bir sıra abidələrin bərpa olunduğu və bir sıra abidələr üzrə yenidənqurma işlərinin davam etdiyi qeyd olunub.
DTA sədri Fuad Nağıyevlə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qoruq ərazisində bərpa olunan abidələrə baxış keçiriblər.
Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 83 tarixi-memarlıq, arxeoloji, park-monumental abidə, məscidlər, tacir mülkləri, su kəmərləri, su dəyirmanları mövcuddur. 2021-ci ildə Şəkinin tarixi hissəsində yerləşən 58 tikiliyə “abidə” statusu verilməklə dövlət mühafizəsinə götürülüb.
Qeyd olunub ki, 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində XIX əsrə aid iki abidə - Rəsm Qalereyası və qoruğun inzibati binasının yerləşdiyi tarixi tikili ənənəvi Şəki memarlığı üslubunda, ilkin görkəmi saxlanılmaqla təmir-bərpa edilərək istifadəyə verilib və hazırda Qala divarları daxilində bəzi tarixi binaların bərpa işləri davam etdirilir.
Eyni zamanda XIX əsrin əvvəllərində Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna yaxın üslubda inşa edilmiş Dairəvi məbədin bir hissəsinin fasadında təmir-bərpa işləri aparılır, o cümlədən şəbəkə emalatxanası, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi bina bərpa edilir. Həmçinin Şəkidəki Kiş alban məbədinin daxili tərtibatı yenilənib.
Növbəti mərhələdə Xan Sarayında bərpa işləri ilə bağlı layihələndirməyə başlanılması, Kiş kəndindəki “Gələrsən görərsən” qalasının ətrafında turizm infrastrukturunun yaradılması, Kiş tarixi məscidinin bərpa işlərinə başlanılması nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ildə “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun 140 min ziyarətçisi olub ki, 2022-ci illə müqayisədə 90 faiz artım deməkdir. Kiş alban məbədini 2023-cü ildə 2022-ci illə müqayisədə 100 faiz artım müşahidə edilib və 40 mindən çox turist ziyarəti qeydə alınıb.