Atəşgahda “Zəfərin payızı” sərgisi açılıb

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda 44 günlük Vətən Müharibəsində qazanılan şanlı qələbənin ildönümünə həsr olunmuş “Zəfərin payızı” adlı sərgi keçirilir.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, “Atashgah Art Center”  və “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən təşkil edilən sərgidə rəssamlar İntiqam Ağayev, Məmməd Rəşidovun Azərbaycan və Qarabağ motivləri təsvir olunmuş əsərləri nümayiş etdirilib. Sərgidə ABAD təşkilatının “Qarabağ”, “İpək yolu” kəlağayı brendinin “Zadəgan” kolleksiyası “iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgidə təqdim olunan kəlağayıların, suvenirlərin, geyimlərin  üzərində Azərbaycan bayrağı, xarı bülbül, Qarabağın abidələri və digər simvollar əks etdirilib. Burada həmçinin “Gilabi”, “FR Collection” kimi Azərbaycan brendlərin zəfərə həsr edilmiş nümunələri nümayiş olunur.

Sərginin açılışında çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, ABAD-ın publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, “Atashgah Art Center” in direktoru Aytən Həsənova, “Atəşgah məbədi” qoruğunun direktoru Rəşid Babai çıxış edərək  Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, ildönümünü qeyd etdiyimiz tarixi qələbədən danışıblar. Qeyd olunub ki, bu tarixi qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və Müzəffər Ordumuzun cəsurluğu, əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanılıb və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

Tədbirin sonunda qiraət ustası Ağalar Bayramovun ifasında vətənpərvər ruhlu şeirlər səsləndirilib.

Sərgi bu gün də davam edəcək.

Xəbərlərə abunə olun