Xınalıq Kənd Mədəniyyət Evi

Quba rayonu, Xınalıq kəndi

Qubanın 60 km-liyində yerləşən Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir – bu kənd dəniz səviyyəsindən 2300 metrədək  yüksəklikdə yerləşir. Kənd qədim tarixə malikdir.  

Xınalıqda həm də kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Mədəniyyət evində kənd sakinlərinin asudə vaxtını keçirməsi üçün şərait yaradılıb. 

Bundan əlavə, Xınalıq Mədəniyyət Evində həm də dövlət qurumlarının keçirdiyi toplantılar, yığıncaqlar təşkil olunur, müxtəlif mövzularda təlimlər keçirilir. 

Xınalıq öz dili olan yeganə kənddir. Bu dilin bənzərinə heç yerdə rast gəlmək mümkün deyil. 

Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru — dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları da var.

KƏNDLƏ BAĞLI MARAQLI FAKTLAR

Təmiz havasına görə Xınalıq həm də uzunömürlülər məskəni hesab edilir.

Digər maraqlı fakt - burada evləri bir-birinə çox yaxın inşa edirlər. Ərazi dağlıq olduğundan çox zaman bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çoxğunlu çağlarda mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir.

Avqust ayı Xınalıqda bal mövsümünün başlanğıcı qeyd edir. Yerli bal unudulmaz dadı və iyi ilə fərqlənir. Yerli insanlar deyirlər ki, Xınalıq balı bir çox xəstəliklərin müalicəsi üçün vasitədir. Payızda isə keçi əti mövsümünü xüsusi zövqlə qeyd edirlər.

Xınalıqlılar Qafqaz Albaniyasinin qədim tayfalarindan sayılırlar. Tarixçilərin söylədiklərinə görə, Xınalığın 5000 illik tarixi var. Qədim yunan tarixçisi Strabon öz əsərlərində bu yurdun əcdadları haqqında məlumatlar verib. Ümumiyyətlə, bir çox qədim mənbələrdə bu yerin adı, bu ərazidə yaşayan tayfanın adı çəkilir.

Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, daş kitabələr, kitablar və daha bir çox əsyalar var. XII əsr məscidi, XV əsr məscidi və dağlar arasında bir neçə qədim qəbiristanlıq kimi tarixi yerlər var.

Xınalıq sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Toy, yas və digər mərasimlər, bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə keçirilir.
 

Xəbərlərə abunə olun