Şəki Xalq Tətbiqi Sənəti Muzeyi

Şəki şəhəri, Qala divarları

Şəki Xalq Tətbiqi Sənəti Muzeyi 1985-ci il iyunun 9-da açılıb. Mədəniyyət müəssisəsinin 4 ekspozisiya zalı var. Hazırda muzeydə yerli sənətkarların 600-ə yaxın xalq sənəti və dekorativ sənət əsərləri nümayiş etdirilir. 18 növ sənətkarlıq və sənət növünü əhatə edən bu nümunələr antik dövrdən başlayaraq bu günümüzə qədər dövrü əhatə edir. 

Şəki Xalq Tətbiqi Sənəti Muzeyi həm yerli əhalinin, həm Azərbaycanın digər bölgələrindən gələnlərin, həm də turistlərin marağını cəlb edir. Xalq Tətbiqi Sənəti Muzeyində Şəki şəhərində məşhur olan, qədimdən bu zamana kimi gəlib çatan sənətlər haqqında və şəhərdə tanınmış sənətkarlar haqqında məlumat verilir, tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Muzeyin birinci zalında Şəki ərazisindən tapılmış arxeoloji qazıntılar - müxtəlif tipli gül qablar, qəbirlərdən tapılmış zinət əşyaları, nizə ucluqları nümayiş etdirilir. İkinci zalda – “ümumi sənətkarlıq” bölməsində dulusçuluq, xarratlıq, təkəldüz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri sərgilənir. Bu sənət növləri ilə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. Üçüncü zalda əsasən milli musiqi alətləri, milli qadın və kişi geyimləri, ipəkçiliyə aid olan nümunələr ziyarətçilərə təqdim olunur. 

"Şəki otağı" adlanan dördüncü zalda isə qədim Şəki evlərinin interyeri nümayiş etdirilir. Buradakı ekspozisiyanı evlərdəki olan rəflər, yun darağı, döşəklər, taxçalar, cəhrə, sandıq və s. kimi nümunələr təşkil edir. 

Muzey Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. 

MUZEY BİNASI – “DAİRƏVİ MƏBƏD”

Muzey qədim tarixi-memarlıq abidəsinin binasında  - Qafqaz Albaniyası dövrünə məxsus Alban məbədində yerləşir.  Məbəd şəhər əhli arasında “Dairəvi məbəd” adı ilə tanınır.  Məbədin tarixi barədə mübahisələr hələ də davam edir. Binanın VIII əsrə qədər tikildiyi güman edilir. Məbəddə dəfələrlə təmir-bərpa işləri aparılıb.

Bəzi tarixi mənbələrə görə, hətta Dərviş Məhəmməd, Çələbi xan dövründə də burada təmir işləri gedib. XIX əsrdə çar Rusiyası dövründə vilayətin mərkəzi şəhəri olan Nuxada Dairəvi Məbədə konstruktiv  binanın konstruksiyasına da dəyişiklik edərək onu kilsəyə çeviriblər və bura rus  əsgərlərinin kilsəsi kimi istifadə olunub.
 

Xəbərlərə abunə olun