Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 1985-ci ildə Lahıc Tarix-Mədəniyyət qoruğunun nəzdində ictimai əsaslarla yaradılıb. 21 noyabr 1990-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə muzey statusu alıb.
Fəaliyyət göstərdiyi müddət ərzində muzey Lahıc qəsəbəsindəki tarixi Ağolu məscidinin binasında və köməkçi tikililərində yerləşib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli 356 nömrəli qərarına əsasən, muzey Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.
Muzeyin elmi fonduna məxsus eksponatların burada saxlanılmasının, həmçinin muzeyin öz fəaliyyətini bu tarixi tikilinin içərisində davam etdirməsinin təhlükəli olduğunu nəzərə alaraq, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 2020-ci il ilin may ayında müvəqqəti olaraq yeni məkana - Lahıc İcma Evinə köçürülüb. Muzeyin işçi heyəti 10 nəfərdən ibarətdir.
2020-2021-ci illərdə AMEA-nın mütəxəssisləri ilə birgə Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin elmi fonduna aid olan maddi-mədəniyyət nümunələrinin inventarlaşdırılması və müxtəlif fondlar üzrə təsnifat bölgüsü işləri tamamlanıb. Muzeyin fondu yerli sakinlərin verdiyi hədiyyələr hesabına daha da zənginləşdirilib. Yenidən inventarlaşma aparıldıqdan sonra Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin Fonduna aid olan 1191 eksponata inventar nömrəsi verilib.
Muzey üçün yeni bina ayrılana qədər elmi fondun Lahıc İcma Evində saxlanılması və bir hissəsinin sərgilənməsi qərara alınıb. Hazırda Dövlət Turizm Agentliyi muzeyin yeni bina ilə təmin edilməsi, müasir səviyyədə xidmət göstərməsi, buradakı eksponatların uyğun şəraitdə qorunub gələcək nəsillər üçün saxlanılması istiqamətində işləri davam etdirir.