"Kiş" Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin Kiş kəndini əhatə edir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 ha əraziyə malikdir.
Qoruğun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır.
Kiş kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Azərbaycan Respublikasının qədim şəhərlərindən biri olan Şəkinin şimal-qərbində yerləşir. Kənd Şəki şəhərinin təxminən 5 km-lik məsafədədir. Dəniz səviyyəsindən 1200 m hündürlüyündə, Kiş çayının iki qolu arasında yerləşir və üç tərəfdən dağlarla əhatələnib. Kəndin 15 məhəlləsi var. Kişdə ən qədim evlər XV-XVI əsrlərə aiddir.
KİŞ ALBAN MƏBƏDİ
Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir. 2 min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır. I əsrdə İsa peyğəmbərin təlimi və ya Apostol Yeliseyin bütpərəstlik kahinlərinin razılığı ilə yaratdığı bu məbədi hətta “məbəd içərisində məbəd” də adlandırmaq olar.
Bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub.
Kiş Alban Məbədinin tədqiqi Qafqaz Albaniyasının tarixi xüsusiyyətlərini dəqiq müəyyənləşdirməyə imkan verib. Məbədin öyrənilməsi və bərpasına həsr olunmuş birgə Azərbaycan-Norveç “Kiş” layihəsi 2000-ci ildə məşhur Norveç alimi Tur Heyerdalın dəstəyi ilə başlayıb və 2003-cü ildə tamamlanıb.
MƏBƏDİN MİSİR EHRAMLARI İLƏ OXŞARLIĞI
Hələ 1981-ci ilin dekabr ayında aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut edib. Çox qəribədir ki, Misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.
Kiş məbədində əsas arxeoloji qazıntılar 2000-ci ilin yayında aparılıb. Qazıntı zamanı məbədin aşağı hissəsinin arxeoloji qatlarından əldə edilən məlumatlar abidəni nəzəri və praktiki şəkildə bərpa etməyə imkan verib. Aydın olub ki, məbədin binası ehtimal olunduğundan da əvvəl tikilib. Bu qazıntılar b.e.ə 3500-cü illərdə Qafqazda yaranmış Kür-Araz mədəniyyəti kimi tanınan erkən Tunc dövrü mədəniyyətinin mövcudluğunu da təsdiqləyib. Məlumdur ki, bu mədəniyyət Anatoliyanın şimal və cənubuna doğru, Suriyaya, İsrailə, Fələstinə, hətta Misirə qədər yayılıb. Məbəd təsadüfən bu yerdə tikilməyib. Hələ xristianlığın yaranmasından 3000 il əvvəl – indiki dövrdən 5000 il əvvəl bu məkanın sitayiş edilən müqəddəs yer olduğu güman edilir.
Arxeoloji tədqiqatlar Kiş məbədinin tunc və antik dövrlərdə, o cümlədən orta əsrlərdən gəlib keçdiyini sübut etmiş oldu.
QƏDİM TAPINTILAR
Kiş məbədi yüzilliklər ərzində Qafqaz Albaniyasının mənəvi həyatının mərkəzi olub. Qazıntı zamanı aşkar olunmuş qəbir abidələri aid olduqları dövrün maddi və mənəvi mədəniyyəti barədə geniş təsəvvür yaradır. Nəticələr Qafqaz Albaniyasının dəfn adətlərinin növlərinin - daş qutu qəbirlərin və sərdabələrin daxili strukturu, tarixi və xronoloji cəhətdən onların təsnifatının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.
Tapıntılar müxtəlif sənətkarlıq sahələrinin, xüsusilə də şüşə istehsalının yüksək inkişaf səviyyəsini sübut edir. Şüşə qablara aid qalıqların təhlili göstərir ki, onlar əsasən Şərq ölkələrində, o cümlədən Suriyanın b.e. V əsrinə aid şüşə istehsalı mərkəzlərində hazırlana bilərdi. Şüşədən hazırlanmış bəzək əşyaları sırasına VII əsrə aid qadın qolbaqları da tapılıb.
Arxeoloji qazıntılar zamanı həm də nümuzmatik materiallar da aşkar edilib. Bu sikkələrin başlıca xüsusiyyəti ondan ibarətdir ki, bunları yalnız pul vahidi kimi hesab etmək olmazdı. Sikkələrin üzərində heyvan, quş təsvirləri, astral işarələr, çar atributları əks etdirilib. Bu rəsmlər pulun hansı hökmdara məxsusluğunun müəyyənləşdirilməsi üçün zəruri amildir.
Elmi arxeoloji tədqiqatlardan sonra məbədin bərpasına başlanılıb. Bərpa zamanı binanın tarixən yaranmış simasını mümkün qədər saxlamaq, bir çox yenidənqurmalar nəticəsində qazanılmış elementlərə diqqətlə yanaşmaq və abidəni təhrif edən, XIX əsrdə onun memarlığına gətirilmiş yad əlavələrdən azad etmək ideyası dururdu.
Bərpa işləri 2003-cü ildə tamamlanıb. İndi isə bu məbəd Şimali Azərbaycanın ərazisində e.ə. IV – b.e VII əsrlərində mövcud olmuş dövlətin Qafqaz Albaniyasının tarixi qoruq muzeyinə çevrilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 26 fevral 2003-cü il 50 saylı əmrinə əsasən “Kiş Tarixi-Memarlıq Qoruq Muzeyi” yaradılıb. 14 aprel 2009-cu ildə isə bu muzey “Qoruq” statusunu alıb.
Qoruq “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.
Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixi və mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir. Məbəd əsası qoyulduğu gündən bizim dövrümüzə qədər - 2000 illik tarixin yerüstü və yeraltı dəlillərini saxlayaraq dünyaya tanıtdırır. Kiş layihəsi tarixi və mədəni irsin öyrənilməsi və qorunmasının gözəl nümunəsidir.
Kiş kəndində həmçinin ölkə əhəmiyyətli “Gələrsən-Görərsən” qalası, Kiş kənd qədim məscidi, arxeoloji abidə olan “Doxun Nekropolu”, yerli əhəmiyyətli “Qaynar”və “Sığnaq” yaşayış yerləri var.