"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

Beşbarmaq dağı Bakı-Siyəzən avtomobil yolunun 95 km-də yerləşir

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu 8 iyun 2020-ci il tarixli Prezident sərəncamına əsasən yaradılıb.  Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir. 

Azərbaycanın nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

2021-ci il iyulun 1-də Nazirlər Kabineti tərəfindən Qoruğun əsasnaməsi təsdiqlənib. 

Beşbarmaq dağını ziyarət edənlərin sayının çox olduğunu nəzərə alaraq, abidələrin qorunması üçün əraziyə mühafizə polisinin nəzarəti  təmin edilib. 

UNİKAL TƏBİƏT ABİDƏLƏRİ 

Qoruq ərazisindəki abidələrin tədqiq olunması üçün AMEA-nın bir sıra institutları ilə əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparılıb. 
Beşbarmaq dağının ərazisi dini-mənəvi destinasiya (ziyarət məkanı) olmaqla yanaşı, həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir. 

QORUQ ƏRAZİSİNDƏ ELMİ TƏDQİQATLAR 

Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhəd və mühafizə zonasının müəyyən olunması, qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və turistlər tərəfindən ziyarət olunan əsas mədəni irs obyektlərinin elmi-arxeoloji cəhətdən tədqiq olunması üçün Dövlət Turizm Agentliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən qoruq ərazisində ilkin arxeoloji kəşfiyyat işlərinə və elmi tədqiqatlara başlanılıb və bir sıra vacib elmi nəticələr əldə edilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi “Beşbarmaq” arxeoloji ekspedisiyası tərəfindən qoruq ərazisində ilk dəfə aparılmış elmi tədqiqatların əsas məqsədi tarixi Beşbarmaq qalasının, onun yaxınlığında yerləşən tarixi qəbiristanlığın, orta əsrlərə aid karvansarayın, Sasani dövrünə aid müdafiə səddinin, digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirmək, bölgənin gələcəkdə mədəni turizm perspektivləri üçün abidələri tədqiq edərək təkliflər hazırlamaq olub.

İlkin tədqiqatlar nəticəsində Beşbarmaq qala tikililərinin və mənbələrdə adı çəkilən 4 qala bürcündən ikisinin yeri tapılaraq müəyyən olunub, Narınqalanın daxilindəki tikililərin ikisi açılaraq yeri və təyinatı haqqında bəzi elmi nəticələr əldə edilib. “Beşbarmaq” Qoruğu ərazisində aparılmış arxeoloji tədqiqatlar ərazinin mədəni irs dəyərinin gələcəkdə yerli və xarici turistlərə daha yaxşı izah edilməsi, müvafiq mədəni turizm məhsullarının hazırlanması, həm də Beşbarmaq ərazisinin elmi-arxeoloji nöqteyi-nəzərindən tədqiq edilməsi üçün bir mərhələ kimi qarşıya çıxıb.

Narınqalanın daxilindəki dördkünc planda olan tikililər sal qaya parçaları ilə hörülüb. 3x4 m ölçülərində olan tikililərin alt hissəsində, 4 qatdan sonra antiseysmik tədbir kimi divarın perimetri boyu seysmik qurşaq adlandırılan kətillər, taxta materialdan tirlər düzülüb. Otağın şərq divarında oval formada kürsü qurulub. Kürsünün içərisi istinin təsirindən qızarıb və hisdən qaralıb. Otaqlardan XIV-XV əsrlərə aid keramika qalıqları aşkar olunub. Tikililərdən aşağı təbəqədə divar qalıqlarının aşkar edilməsi qalanın daha erkən dövrlərə aid olduğunu söyləməyə əsas verir.

Orta əsrlərə aid mənbələrdə təsvir edilən 4 qala bürcündən biri və bürcə bitişik qala divarının bir hissəsi qazılaraq tədqiq olunub. 8 m diametrində olan iri daşlardan qurulmuş Narınqala bürcü və qala divarlarının qalıqları burada qala şəhərin mövcudluğundan xəbər verir.

Qalanın cənub şərqində dağılmış tikililərin qalıqları olan sahədə də tədqiqatlar aparılıb. Buradakı qalıqların XIX-XX əsrin əvvəllərinə aid yaşayış evlərinin dağıntıları olduğu müəyyən edilib. Maraqlısı odur ki, evlərin tikintisi zamanı daha qədim dövrlərə aid sənduqələrdən tikinti materialı kimi istifadə edilib. Yaşayış evlərinin divarlarında sənduqələrdən tikinti materialı kimi geniş şəkildə istifadə olunmasına ilk dəfədir rast gəlinir. Hər bir dördkünc tikilinin divarlarında bir və ya iki sənduqənin olduğunu müşahidə etmək mümkündür. Sənduqələrin üzəri həndəsi və nəbati ornamentlərlə bəzədilib. Bəzi naxışların sonu altı guşəli ulduzla yekunlaşır.

Paralel divarlarda aparılan kəşfiyyat işləri onlardan birinin istiqamətini müəyyən etməyə imkan verib. Bu divar, Qalaşıxı kəndindən başlayaraq dənizə qədər uzanır. Səddin şimalında, iki yerdə bürc və ya müşahidə qülləsinin qalıqları aşkar edilib. Tədqiqatların sonunda abidənin xüsusiyyətləri, arxeoturizm perspektivləri haqqında təkliflər hazırlanaraq Dövlət Turizm Agentliyinə təqdim olunub.

TURİZM POTENSİALI

* Beşbarmaq dağı ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşir. Bu məkan Azərbaycanın əsas turizm dəhlizlərindən biri hesab edilən şimal marşrutu üzrə önəmli bir məntəqələrdən biridir.

* Beşbarmaq dağının ərazisi quşların miqrasiyasını müşahidə etmək üçün unikal bir yerdir. Hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba köç edir. Bu ərazi quş müşahidəçiləri üçün qiymətli bir yer olduğundan, Beşbarmaq dağı ərazisində “Köçəri quşların müşahidəsi” ilə bağlı turizm məhsullarının inkişafı istiqamətində işlər görülüb. Dünyada populyarlıq qazanan bu  turizm növü ilə bağlı sertifikat təlimləri keçirilib,  Azərbaycanda və xarici ölkələrin turizm platformalarında təbliğ olunub.

* Ərazidə aparılmış arxeoloji qazıntılar gələcəkdə Beşbarmaq dağının yalnız dini-mənəvi destinasiya, unikal təbiət abidəsi kimi təbliği ilə yanaşı, həm də arxeoturizm destinasiyası -  orta əsrlər aid qədim yaşayış məntəqəsi kimi təbliğinə imkan verəcək.

Xəbərlərə abunə olun