İsmayıllı rayonu Basqal qəsəbəsinin ərazisi zəngin tarixi və mədəni irsə sahibdir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. 1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektardır.
Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqal həm də 300 ildən artıq yaşı olan çinar ağacı ilə məşhurdur. 1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir. Yeni aşkarlanan kitabəyə görə həmin kompleks sufi xanəgahı olub.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu bu ərazidə mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir.
Basqalın Qalalar antik və ilk orta əsrlər yaşayış yeri arxeoloji baxımdan öyrənilməyib. Lakin oradan təsadüfən aşkar olunan maddi-mədəniyyət nümunələri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda nümayiş olunur.
BASQALIN TARİXİ
Tarixçilərin fikrincə, Basqalın ərazisi qədim Alban dövlətinə mənsub olub. 3 min ilə yaxın yaşı olan qəsəbənin adı “qala qur”, ”qala ucalt”, ”baş qala” mənasını ifadə edir. Bu ulu ad qədim türkdilli Basil tayfa birləşməsini yada salır. Basillər hələ 2500 il əvvəl Cənubi Azərbaycanda çox geniş ərazidə yayılmışdılar. Qədim yunan tarixçisi Herodot “Tarix” kitabında onları “buslar” adlandırmışdı. Təbrizlilərlə basqallıların danışıq ləhcələrinin bir-birinə çox oxşarlığı var.
Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir.
Basqalın mərkəzində orta əsr şəhərlərinin xüsusiyyətini əks etdirən və XIII əsrlərdən bu günədək fəaliyyətdə olan kürəbənd (kanalizasiya) şəbəkəsi, bazar, hamam və başqa mədəni iqtisadi və dini tikililər yerli əhalinin mədəni irsinin timsalıdır.
Arxeoloji tədqiqatlar Basqalın cənub şərqində Qalalar adlanan sahədə eramızın I-II əsrlərinə aid insan məskənlərinin olduğunu sübut edib. Qəsəbənin şimal qurtaracağında ucalan Niyal dağında XI-XII əsrlərin qalaları Şirvanşahların mühüm müdafiə məntəqəsi olub.
Dövlət Turizm Agentliyinin sifarişi ilə 07-31 oktyabr 2019-cu il tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 121 ədəd maddi mədəniyyət nümunəsi aşkarlanıb.
Basqal məscidinin daxilində XI əsrdən etibarən formalaşmış olan və həm stratiqrafik, həm də xronoloji baxımdan biri digərini tamamlayan altı tikinti qatı qeydə alınıb. Ayrı-ayrı tikinti qatlarına uyğun olan bina qalıqları və məişət avadanlıqları son 1000 il ərzində Basqal ərazisində intensiv həyat olduğunu təsdiqləyir. Məscidin daxilindəki quyudan aşkarlanan çoxlu kömür və kül qalıqları elmi cəhətdə böyük marağa səbəb olub.
BASQAL HAMAMI
XVII əsrə aid memarlıq abidəsi olan Basqal hamamı klassik Şәrq memarlıq üslubunda inşa edilib.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Basqal hamamı yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv.4466) dövlət mühafizəsinə götürülüb.
Dövlət Turizm Agentliyinin sifarişi ilə 2021-ci ildə tarixi materiallar və arxiv sənədləri əsasında bərpa olunmuş bu abidədə Azərbaycan ərazisində orta əsrlərdə mövcud olmuş hamamların işləmə prinsipi nümayiş etdirilir.
TARİXİ ÇİNAR AĞACI (1563)
Yerli əhali tərəfindən müqəddəs pir yeri hesab edilən, nəhəng gövdəli və iri koğuşlu ağac 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkilib. Bu barədə Çinar ağacına aid kitabədə məlumat verilib.
Şeyx Məhəmməd məscidinin köməkçi tikilisi üzərində yerləşdirilmiş bu kitabənin tədqiqi onun məhz Çinar ağacına aid olduğunu təsdiqləyib. Çinar ağacının əkilməsi ilə bağlı qoyulmuş kitabə yerli bud daşından yonulub. Daşın uzunluğu 0.39 sm, eni 0.27 sm-dir. Daşın kənarı sadə formada işlənib. İki sətirdən ibarət kitabə süls elementli nəsx xətti ilə həkk edilib:
Kitabənin tərcüməsi belədir: “970-ci il tarixində əl-Fəqir Şeyx Səfayi Şeyx Məhəmməd oğlu çinar ağacını əkdi”.
Hicri qəməri 970-ci il tarixi miladi tarixin 1563-cü ilinə uyğun gəlir. Beləliklə, Şeyx Məhəmməd 1531-ci ildə Basqal məscidini tikdirib. Ondan 32 il sonra- 1563-cü ildə oğlu Şeyx Səfayi Basqalın məşhur çinar ağacını əkib.
BASQAL SƏNƏTKARLIĞI
Basqal orta əsrlərdə Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzlərindən biri olub. Burada əhalinin əksəriyyəti ipək toxuculuğu ilə məşğul olub. Basqalda hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurub. Basqal qəsəbəsinin sakinləri istehsal etdikləri kəlağayını, qanavozu, müxtəlif zərif ipək parçaları yaxın şərq ölkələrinə, habelə Avropanın müxtəlif irsi şəhərlərinə aparır, ticarətlə məşğul olur, həmin yerlərin mədəniyyətini, mütərəqqi fikirlərini özləri ilə gətirirdilər.
Arxeoloq A.P. Fitini “Şirvanın son paytaxtının tarixi” məqaləsində yazır: “1795-ci ildə İran şahı Ağaməhəmməd Şah Qacarın Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı Mustafa xan öz yaxın qohumları ilə Fit dağındakı qədim qalaya çəkilirlər. Onlar qaladan çox uzaq olmayan Basqal adlı şairanə yerdə ipək əyirən fabrik açır”.
MƏŞHUR BASQAL KƏLAĞAYILARI
Hələ 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya ipəkçilik sərgisində iştirak etmişdir. Həmin sərgidə Basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və qanovuz parçaya görə Gümüş medal və xüsusi diplomla mükafatlandırılıb.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu uğurun qazanılmasında əsirlərdən bəri Azərbaycan kəlağayısının şöhrətini bütün dünyaya yayan qədim kəlağayıçılıq ənənələrini bu gün də davam etdirilir.
Hazırda Basqal qəsəbəsində üç kəlağayı istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin yaradılması kəlağayı sənətinin dirçəlməsinə səbəb oldu və qəsəbəyə turist cəlb etmək baxımından çox əhəmiyyətli oldu.
BASQAL KƏLƏĞAYI EMALATXANALARI
XIX əsr abidəsi olan Məşədi Məhəmməd adına karxana Basqalın Kələküçə məhəlləsində yerləşir. Basqalın “Heydər Əmi mülkü” kimi tanınan digər karxana Dərə məhəlləsində yerləşib.