Xocavənd rayonunun Tuğ kəndi Qarabağ dağ silsiləsinin ətəyində yerləşən və Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biridir.
Azərbaycan və dünya tarixində xüsusi əhəmiyyətə malik Paleolit düşərgələri olan Azıx və Tağlar mağaralarının yaxınlığında yerləşən Tuğ kəndi ərazisindəki erkən orta əsrlərə aid bir neçə alban məbədi ilə xüsusi maraq doğurur. Bu kənd həmçinin vaxtilə Qarabağ bölgə - sində elm və mədəniyyət mərkəzi hesab edilirdi. Məhz Azərbaycanda yaradılmış ilk müasir tipli məktəblərdən biri olan Tuğ kənd məktəbi XIX–XX əsrlərdə bir çox tarixi şəxsiyyətləri yetişdirib. Məktəbin yaradı - cısı və banisi zəmanəsinin istedadlı qələm sahibi, “Kitabi-tarixi-Qara - bağ” əsərinin müəllifi Mirmehdi Xəzani (1819–1894) olub. Kəndin tarixi hissəsində Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubunda tikilmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər yerləşir. Bununla yanaşı, Tuğ kəndi zəngin təbii potensiala və ekoloji resurslara malikdir.
Tarixi dəyərlərinə görə seçilən və böyük turizm potensialına malik olan Tuğ kəndi Qarabağın digər dilbər guşələri kimi dirçəlib yenidən çiçəklənməkdədir.
1992-ci il oktyabr ayının 30-dan 31-ə keçən gecə Tuğ kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 2020-ci il 9 noyabr tarixində işğaldan azad olunmuşdur.
Tuğ kəndinin Qarabağ memarlıq məktəbinə xas memarlıq üslubunun mühafizə edilməsi və buranın mədəni turizm destinasiyasına çevrilməsi məqsədilə 2023-cü ildə “Tuğ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılmışdır
Tuğ kəndi Qarabağın Aran bölgəsindən dağlıq zonasına keçid hissədə salındığı üçün Şuşa yolu üzərində Qarabağın gözəl təbiətini əks etdirən vacib turizm destinasiyasıdır. Artıq 2023-cü ildə bərpa-quruculuq işləri çərçivəsində Tuğ kəndində ilk yaşayış və bir neçə inzibati binanın təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. Bu səylər gələcək nəsillər üçün bölgənin mədəni və tarixi irsini qorumaq üçün daha böyük bir təşəbbüsün vacib hissəsidir.
Qarabağda şərab irsi
Şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə də məşhurdur. Buradakı şərabçılıq ənənələri daha da inkişaf edərək Qarabağ şərablarına yeni nəfəs verəcək.
XX əsrin 60–80-ci illərində Tuğ kəndində böyük istehsal gücünə malik olan şərabçılıq zavodları mövcud olub. Kənd işğaldan azad edildikdən sonra Qarabağın məşhur üzüm sortlarından olan Xindoqnı üzüm sortu bərpa olunub. 2023-cü ildə Xindoqnı üzüm sortlarından hazırlanan şərab Şamaxıda keçirilən yerli şərab festivalında təqdim olunub. Yaxın dövrdə Tuğda şərab zavodunun yaradılması, zavod ətrafında ərazinin abadlaşdırılması və ümumi bir kompleks kimi istifadəsi nəzərdə tutulur. Bura yalnız şərab istehsal edilən yerə deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək.
MƏDƏNİ İRS
Qədim tikililərlə zəngin Tuğ kəndində insan özünü başqa zamanda hiss edir. Kənddə erkən orta əsrlərdən başlayaraq son orta əsrlərə qədər davam edən dövrə aid edilən bir neçə alban məbədi, tarixi körpülər, malikanələr, qədim bulaqlar, tağlı körpülər yerləşir.
Azıx mağarası
Azərbaycanı qədim yaşayış məskə - ni kimi dünyada tanıdan Azıx mağa - rası Qarabağın səfalı guşəsində, Tuğ kəndindən 5 km məsafədə yerləşir. 1968-ci ildə mağarada aparılan arxeoloji qazıntılar nəticəsində qədim insana məxsus 350-400 min il yaşı olan alt çənə sümüyü aşkar edilmişdir. Qədim insan düşərgələrindən olan Azıx mağarası həm də dünya əhəmiyyətli arxeoloji abidədir.
Tağlar mağarası
Tuğ kəndindən 2 km məsafədə yerləşən Tağlar mağarası Mustye mədəniyyətinə aid möhtəşəm mağara-düşərgə olmaqla yanaşı, Qafqaz ərazisində Mustye dövrünü öyrənmək üçün unikal arxeoloji abidədir. Dünya əhəmiyyətli arxeoloji abidə olan bu mağara yola yaxın ərazidə yerləşdiyi üçün Azıx mağarasına nisbətən əlçatan mövqeyə malikdir.
Tağlı körpü
Quruçay üzərində XVIII əsrdə inşa edilmiş Tağlı körpü dövlət mühafizəsinə götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsidir. Körpü Tuğ kəndi ilə Tağlar, Azıx mağaralarını və digər qonşu kəndləri birləşdirən tarixi yolun üzərində salınıb və memarlıq üslubu baxımdan Qarabağ zonasında çaylar üzərində rast gəlinən, orta əsrlərdə inşa edilmiş digər körpülər ilə oxşardır. Sel-daşqın təhlükəsindən qorunma məqsədilə körpü çay yatağından hündür inşa edilib.
Müqəddəs İohan məbədi
Tuğ kəndinin ərazisində yerləşən üç qədim xristian məbədindən ən qədimi Müqəddəs İohan məbədidir. Ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmış bu abidənin həyətində daşoyma sənətinin nəfis nümunələri olan sənduqə tipli qəbirlər yerləşir. Bu qəbir daşları üzərində Qarabağın orta əsrlərə aid etnoqrafik xarakterli səhnələri oyulmuşdur. Buradan bütün kənd ərazisinə, həmçinin ətraf dağlara gözəl mənzərə açılır.
Gtişvəng monastır kompleksi
Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarə - tində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. XIII əsrdə yeni tikililər hesabına monastırın ərazisi genişlənmiş və Qafqazın ən məşhur monas - tır komplekslərindən birinə çevrilmişdir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr ərazinin orta əsrlər tarixi barədə vacib məlumatlar verir. Mənbələrdə monastırın adı Ktiş, Qtiç və Qtiçavəng kimi qeyd edilir.