“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu

İsmayıllı rayonu, Lahıc kəndi

QORUQ HAQQINDA

“Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğu 1980-ci ildə yaradılıb. Qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 ha ərazisində dövlət qeydiyyatına alınmış 103 tarix-mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. 

Lahıc dövlət tərəfindən qorunan qədim şəhər və memarlıq sənəti abidəsidir. Qoruq ərazisində mövcud 103 tarix-mədəniyyət abidəsindən 1-i dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Buradakı abidələr arasında su dəyirmanı, körpü, 3 hamam, 5 məscid və 8 daş sütun var.  Ərazidə Lahıc sakinlərinin yaşayış evləri də yerləşir.  

DAŞ DÖŞƏNMİŞ KÜÇƏLƏR

Qəsəbə geniş küçələri, bağ və bostanların çoxluğu ilə fərqlənir. Lahıcın bütün küçələrinə daş döşənib. İkimərtəbəli evlər də çay daşlarından tikilib. Hər 60-70 santimetrdən bir hörgü arasına taxta dirəklər yerləşdirilib, qədim taxta qapılara dəmir “zınqırov” qoyulub.

Hazırda burada memarlıq qoruğu rejimi fəaliyyət göstərir – kərpicdən və digər müasir materiallardan tikinti aparmaq qadağan edilib. Buna görə də Lahıc öz qədim görkəmini saxlayır.

Təkcə tarix-mədəniyyət abidələri deyil, qoruğun bütün ərazisi, küçə və meydanları, onların daş döşəmələri, kürəbənd (kanalizasiya) sistemi, əhalinin adət-ənənələri, sənətkarlıq sahələrinin mühafizəsi və bütün bunların təbliği qoruq əməkdaşlarının diqqət mərkəzindədir. “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu mədəni irsin təqdim edilməsi, təbliğat məqsədli çəkilişlərin həyata keçirilməsi, əraziyə gələn turistlərə xidmət göstərilməsi və s. məsələlərə də nəzarəti həyata keçirir.  

Qoruq ərazisində 40-a yaxın sənət növü təqdim olunur. “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu respublikamızda keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər zamanı qoruq ərazisində yaşayan əhalinin adət-ənənələrinin və sənətkarlıq sahələrinin sərgilənməsi işlərinin təşkilində də məqsədəuyğun fəaliyyət göstərir. 

Qəsəbənin mərkəzi küçəsi  Böyük küçə və ya Bazar küçəsi adlanır. Bu, sənətkarlar məhəlləsidir. Lahıcın demək olar bütün mis mağazaları – emalatxanaları burada yerləşir. Bütün turistlər bu məhəlləyə gəlirlər. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə tamaşa etmək mümkündür. 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğuna giriş və çıxış mühafizə polisi tərəfindən mühafizə edilir. Qoruq ərazində qədim kanalizasiya və kürəbənd sistemi olduğuna görə, yerli sakinlər istisna olmaqla, digər avtomobillərin əraziyə girişinə məhdudiyyət qoyulur. 
 
LAHIC MİSGƏRLİK SƏNƏTİ

Lahıc soyuq silahların istehsalına, oyma dizayn ilə bəzədilmiş mis məmulatların hazırlanmasına görə məşhurdur. Azərbaycan misgərliyin mərkəzlərindən biri olub. Ərazimizdə tapılan ilk mis əsaslı metal işləmələrin tarixi neolit dövrünə aiddir. E.ə. VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb.

Yerli sənətkarların yaratdıqları məmulatlar bütün Şərqdə tanınıb. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovarlar şöhrət qazanıb və yüksək qiymətləndirilib. 1850-ci ildə isə Zaqafqaziya diyarının əsərləri sərgisində usta Məmməd Qədir “Mis qaba görə” pul mükafatına layiq görülüb.

XVIII-XIX əsrlərdə silah istehsalı mərkəzi olmuş Lahıcda indiyədək misəridən sobalar qalır. XIX əsrdə 52 misgər dükanı olan İsmayıllının Lahıc qəsəbəsi mis məmulatı istehsalında xüsusi yer tuturdu və bu gün də həmin ənənəni davam etdirir. Misgərlik emalatxanalarının quruluşu və təchizatı, eləcə də onların ənənəvi xarici görünüşü və istehsalat prosesi əvvəlki əsrlərdə olduğu kimi bu gün də qorunub saxlanılır.  Turistlərin böyük maraq göstərdiyi bu qəsəbədəki misgər dükanlarında texnoloji əməliyyatlar əsrlər boyu sadə əritmə və isti döymə üsulları ilə görülüb. İstehsal proseslərinin tələbinə uyğun misgər dükanlarında hər cür tutucu, kəsici, tapdalayıcı, deşici, sıxıcı, hamarlayıcı alətlər işlədilir. 

2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. 

DƏRİ MƏMULATLARIN İSTEHSALI

Dəri məmulatlarının istehsalı Lahıcda misgərlikdən sonra ikinci peşədir. Lahıc dabbaqları şaqren, tumac, yufu aşılamağı bacarırdılar və sonra bunlardan incə zövq və məharətlə cürbəcür məmulatlar hazırlanırdı. Sənətkarlar ayaqqabılar, kəmərlər, dəri gödəkçələr, kitab üzləri və yüyən kimi müxtəlif məhsullar hazırlayırlar. Yerli dəri istehsalının bazasında digər sənət növləri də inkişaf edib: sərraclıq, pinəçilik, papaqçılıq, xəzçilik. Burada həmçinin xalça toxuyur, suvenir və milli geyim hazırlayırlar. 
 

Xəbərlərə abunə olun