"Diri Baba türbəsi" memarlıq abidəsi

Qobustan şəhəri

Dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidə olan Diri Baba türbəsi (inv. 297) Qobustan şəhərində, Azərbaycan ən əsas turizm dəhlizlərindən biri olan şimal-qərb turizm dəhlizində, Bakı-Şamaxı magistral yolun 1.5 kilometrliyində yerləşir.

Diri Baba türbəsinin kitabəsindəki məlumatlara görə bu abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) əmri ilə tikilib. Türbənin daxili divarlarında “Ustad bin Hacı” (Ustad Hacı oğlu) yazısına rast gəlinir.

Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur. 

Tarixi İpək Yolu üzərində yerləşən bu abidə əsrlər boyu Şirvan bölgəsinə səyahət etmiş avropalı diplomat və səyyahların diqqətini cəlb etmişdir. XVII əsrdə avropalı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, XVIII əsrin əvvəllərində Cornelius de Brun kimi səyyahlar abidəni ziyarət ediblər. Onlar tərəfindən çəkilmiş qravürlər abidənin keçmiş görünüşü haqqında çox qiymətli mənbələrdir.  

MEMARLIĞI

Azərbaycanda Şirvan memarlıq məktəbinin ən nadir nümunələrindən olan Diri Baba türbəsi memarı xüsusiyyətlərinə görə Qafqazda unikal abidələrdən biridir. Belə ki, tikilinin daxilindəki bir hissə qaya içərisində təbii oyma nəticəsində formalaşmış oyuqda yerləşir. Diri Baba abidəsinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti (qayalıqlar, dərəvari təbii strukturda yerləşməsi) bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır. 
Diri baba türbəsi Azərbaycanın orta əsr memarlıq tarixinin öyrənilməsi baxımdan, həmçinin Şamaxı-Şirvan bölgəsinin sufi ənənəsinin turistlər tərəfindən kəşf edilməsi üçün birinci halqa təşkil edir.  

TURİZM POTENSİALI 

Azərbaycan ərazisində yerləşən sufi türbələri həm dini, həm də memarlıq cəhətdən yerli və xarici turistlərin diqqətini cəlb edir. Hazırda Diri Baba türbəsi hər il on minlərlə yerli və xarici turist tərəfindən ziyarət olunur. 

Diri Baba abidəsinin turizm məqsədləri üçün istifadəsi, buranın mədəni irs dəyərinin daha yaxşı şəkildə qorunması və bərpa edilməsi, həm də burada mədəni turizmin inkişaf etdirilib turizm marşrutlarına daxil edilməsi məqsədi ilə abidə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli 76s nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Dövlət Turizm Agentliyinin balansına verilib. 
 

Xəbərlərə abunə olun