Basqal Qəsəbə Mədəniyyət Evi

İsmayıllı rayonu, Basqal qəsəbəsi

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarına əsasən, Basqal qəsəbə Mədəniyyət Evi Dövlət Turizm Agentliyinin tabeliyinə verilib. 

İsmayıllı rayonu Basqal qəsəbə Mədəniyyət Evinin kollektivi müntəzəm olaraq rayon tədbirlərində uğurlu çıxışlar edir, Azərbaycan xalq musiqisinin, Azərbaycan qədim xalq sənətinin  təbliğində əməli iş aparır. 

Basqal qəsəbə Mədəniyyət Evinin sənətkarlıq nümunələri hər il keçirilən müxtəlif festivallarda iştirak edir. müxtəlif əyarlı medallara, diplom və fəxri fərmanlara layiq görülürlər.  

BASQAL HAQQINDA 

Elmi araşdırmalar göstərir ki, Basqal qəsəbəsinin yerləşdiyi indiki ərazi hələ miladdan əvvəl 4-cü yüz illiklərdə mövcud olan Alban dövlətinə məxsus idi. Basqal və onun ətrafı antik və orta əsr abidələri ilə zəngindir. 

Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Şirvanın ən səfalı, zəngin təbiətə malik sahəsində yerləşən Basqal qəsəbəsi xalqımızın bir sıra qədim və keşməkeşlərlə dolu tarixi ənənələrini bu günə qədər yaşadıb.

Basqal qəsəbəsi tarix-mədəniyyət qoruğudur. Buradakı bir sıra tikililər yerli əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatından keçirilib və dövlət tərəfindən mühafizə olunur.

Basqal İpək Yolları üzərində yerləşən ən qədim yaşayış məskənlərindən biridir. Basqalın digər fərqləndirici xüsusiyyəti artıq Orta Əsrlərdə qəsəbənin inkişaf etmiş kanalizasiya sisteminin və hər evdə hamamın olması idi. 

Basqalda evlərin demək olar ki, hamısı üzü qibləyə - cənub istiqamətində tikilib. Bu məsələdə İslam amili əsas götürülüb. Zəlzələ və baş verəcək təbii fəlakətləri nəzərə alan xalq ustaları hər 6-7 daş cərgələrindən sonra ağac kətil qurublar. Bu kətillər çox lazımlı və qəsəbəyə yaraşıq verən “seysmik kəmər” adlandırılır.

Bazar meydanından Sayad dağına, Fit dağına və ətraf meşələrə gözəl bir mənzərə açılır. Bütün bunlarla yanaşı, Basqalın mərkəzində orta əsrlər şəhərlərinin xüsusiyyətini əks etdirən və XIII əsrdən bu günədək fəaliyyətdə olan Kürəbənd (kanalizasiya) şəbəkəsi, bazar, hamam və başqa mədəni, dini tikililər mövcuddur. 

BASQAL MƏHƏLLƏLƏRİ 

Basqalın sıx tikintisi, daş döşəmə küçələri, tarixi ictimai binaları, bir növ orta əsr şəhərlərinin quruluşuna uyğun gəlir. Basqalın Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar, Qəlibgah, Kələküçə, Xarabiyan, Qalabaşı məhəllələrini gəzərkən o vaxtkı şəhərə məxsus qaynarlığın şahidi olursan. Bütün küçələr hamar, yastı daşlarla döşənilib. Məhəllə adlarının etimologiyası ilə maraqlananda qət edirsən ki, bu adlar xalqın keçmişi, etnik tərkibi, etnoqrafiyası, yerləşdiyi sahənin nişanını, məşğuliyyət növlərini uzaq əsrlərin yadigarı kimi qorunub saxlanılır.

Məsələn, Dəmirçibazar məhəlləsi dəmirçilərin yaşadığı və işlədiyi məhəllə olub. Qalabaş məhəlləsi qəsəbənin şimal-qərb qurtaracağında - ən yüksəklikdə salınıb. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu sahədən hər tərəf – cənubda Ağsu, cənub-qərbdə Şamaxı və s yerlər aydın görünür. 

Qəlibgah məhəlləsində kəlağayı üçün qəlib basan rəngsazlar, boyaqçılar yaşayıblar. Həmin məhəllədə indinin özündə də bu tarixi sənətin davamçıları yaşayırlar. Qoşabulaq məhəlləsi Altı əsr tarixi olan, buz kimi şəfalı gur suyu axan gözlü bulağın adı ilə tanınır. 

Basqalı Azərbaycanın ən iri şəhərlərindən ayıran fərq burada hələ XIII-XIV əsrlərdə Kürəbənd (kanalizasiya) şəbəkəsinin yaradılmasıdır. Baş verən zəlzələlər, ağır nəqliyyat vasitələrinin üstündən keçməsi belə onun ahəngini bu günədək pozmayıb. 

MARKO POLO BASQAL KƏLAĞAYISI HAQQINDA 

Basqal  XVI-XVII əsrlərdə ən əhəmiyyətli ipək toxuma mərkəzlərindən biri idi. 1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: “...Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçaları toxunur: belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən”.  

Bu təsvir Şirvana aiddir. Şirvanda isə ipək və zərxara istehsalı mərkəzi  məhz Basqal olub. Basqaldan olan ustalar, tacirlər və iş adamları Azərbaycan, Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində ipəkçiliyin inkişaf etdirilməsinin təşəbbüsçüləri və icraçıları olublar.

XVII, XVIII və XIX əsrlərdə ümumdünya bazarlarında Basqal kəlağayıları öz dəyərini və nüfuzunu layiqincə nümayiş etdirirdi. Basqal ustalarının istehsal etdikləri ipək məhsulları Azərbaycan sərhədlərini aşaraq, Hindistan, Orta Asiya, Rusiya, İngiltərə, Fransa və digər ölkələrə qədər gedib çıxıb.    

Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa və zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı. ”Heyratı”, ”Hələbi”, ”Gülvəngi”, ””Saçaqlı”, “Sumağı”, ” Ağzəmin”, Bağdadı” və sair adlı əlvan kəlağayılar əsas yer tuturdu. Hal-hazırda bu sıraya ”Basqalı” və “”Yeddi rəng” adlı kəlağayılar da əlavə edilib. Basqalda hazırlanan kəlağayıların naxışlanmasında müxtəlif qəliblərdən istifadə olunurdu. Həmin qədim qəliblər bu gün də qalmaqdadır.

Azərbaycan mədəniyyəti növlərindən olan ”Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Bu uğurun qazanılmasında əsrlərdən  bəri Azərbaycan kəlağayısının  şöhrətini  bütün dünyaya yayan qədim kəlağayıçılıq ənənələrini bu gün də davam etdirən İsmayıllının Basqal  qəsəbəsinin və basqallı kəlağayı ustalarının  əməyi də heç şübhəsiz ki böyükdür.
       
 

Xəbərlərə abunə olun