COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün Azərbaycanın bəzi bölgələrinə və turistik məkanlarına turlar təşkil edilib. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutan ziyarətlər zamanı xarici KİV təmsilçilərinə qoruqlar haqqında ətraflı məlumat verilib.
Xarici media nümayəndələri Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiya zamanı dünyanın ən nadir təbiət hadisələrindən biri hesab edilən, zəngin biomüxtəlifliklə əhatə olunan “Qılınc” palçıq vulkanını yaxından izləyiblər. Kompleksdə jurnalistlərə palçıq vulkanlarının xüsusiyyətləri, özəllikləri haqqında məlumat verilib. Kompleksdə onlar Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineralları, flora və fauna nümunələrini müşahidə ediblər.
Xarici media nümayəndələri, həmçinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək qədim abidənin tarixi haqqında ətraflı məlumat alıblar. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” bütün dünyada tanınır, yerli memarlıq ənənələri üslubunda tikilmiş məbəd özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir.
Qonaqlar Abşeronun Məhəmmədi kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər edərək dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni də müşahidə ediblər.
Şamaxı şəhərinə mediatur çərçivəsində xarici jurnalistlər XV əsrə aid unikal ikimərtəbəli “Diri Baba” türbəsi ilə də tanış olublar. Bir hissəsi qaya içərisində yerləşən türbənin tarixi, Qafqazın ən nadir abidələrindən biri hesab olunmasına dair qonaqlara məlumat verilib. Qeyd olunub ki, tikilinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara, kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır.