“Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Sərəncamda qeyd olunub ki, Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron, Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olub. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi və mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri vardır.
Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədilə Xınalıq kəndindəki əvvəlki qoruğun və Köç yolunun ərazisini əhatə edən yeni qoruğun yaradılması qərarı verilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron, Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilib. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.
Xatırladaq ki, bundan əvvəl “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmışdı. “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarixi və mədəniyyət abidələrinin mühafizəsini, toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdan ibarət idi.
UNESCO-nun Dünya İrs Ərazisi
Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisi 18 sentyabr 2023-cü il tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanıb.
Ümumdünya İrs Ərazisi altı inzibati rayonun ərazisindən keçən, ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir. Dünya İrs siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərar layihəsinə uyğun olaraq, Xınalıq kəndi dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.
Qubanın 60 kilometrliyində yerləşən Xınalıq regionun ən yüksək yaşayış məntəqələrindən biridir. Bu kənd dəniz səviyyəsindən 2200 metrədək yüksəklikdə yerləşir. Kənd qədim tarixə malikdir.
KƏNDİN TARİXİ
Kəndin adının yaranması ilə bağlı bir neçə versiya var. Rəvayətlərə görə, Günəş çıxdıqda kəndi əhatə edən dağ xına rənginə boyandığından, bu yaşayış məntəqəsinə Xınalıq adı verilib. Ehtimallardan biri isə kəndin adının yalnız burada bitən və xına rəngində olan bir bitkinin adından yaranması ilə bağlıdır. Bəzi fərziyyələrə əsasən, Xınalıq adı ilə XI əsrin Albaniyasındakı Xeno (Xena, Xeni) şəhərinin adı arasında əlaqə var. Hazırda bu şəhərin qalıqları Rusiyanın Dağıstan tərəfində Azərbaycanla sərhəddə yerləşir.
Xınalıq yer adına ilk dəfə XV (1457-1459) əsrdə Mahmud Əl Xinaluqinin “Şirvan və Dağıstan hadisələri“ əlyazmasında rast gəlinir. Mahmud özünə Xınalıqlı təxəllüsünü götürüb. Bu da Xınalıq adından istifadə olunan ilk yazılı mənbədir.
Tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Hətta kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlmək olar.
Xınalıq ərazisində ilkin məskunlaşmaya aid faktlar erkən tunc dövrünə (e.ə IV minilliyin sonu) aiddir. 2010-2012-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində burada “Zangar (Xınalıq)” adlı qədim yaşayış məskəni aşkar edilib.
VIII əsrdə Xınalıq sakinləri Dərbənd hakimi Hişamın qardaşı Abu Müslüm vasitəsilə İslam dinini qəbul edirlər. Bu ərazidə ən qədim məscid də məhz Xınalıqda Abu Müslümün əmri əsasında tikilib.
XII-XVIII əsrlərdə bu ərazilərdə çoxlu türbələr və məscidlər inşa edilib.
ƏHALİSİ
Azərbaycanın yüksəklikdə yerləşən dağ kəndlərindən birində məskunlaşan Xınalıq əhalisi özünəməxsus unikal dili olan kiçik etnik qrupdur. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru, o cümlədən dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları var.
Maraqlıdır ki, yerli sakinlər Xınalığa öz dillərində Kətiş deyirlər. Xınalığın sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Toy, yas və digər mərasimlər, bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə ötürülür.
Xınalıq həm də uzunömürlülər məskəni hesab edilir.
Xınalıq əhalisi doğma kəndləri ilə yanaşı, Quba rayonunun digər kəndlərində də yaşayırlar. Təbiətin onlara verdiyi resurslardan istifadə etməklə sərt iqlim şəraitində yaşayan Xınalıq sakinləri tarix boyu köçəri heyvandarlıqla məşğul olublar.
KÖÇ YOLU
Köçəri heyvandarlıq Qafqaz regionunda yaşayan xalqların həyatında mühüm rol oynayan əsas məşğuliyyət növüdür. Bu məşğuliyyət əsrlər boyu köçəri xalqların mədəni kimliyinin əvəzolunmaz hissəsinə çevrilib. Köçəri yaşam tərzi onların adət-ənənələrində, dil və inanclarında öz əksini tapıb.
- Köç Yolunun uzunluğu 200 kilometrdir;
- Köç Yolu altı inzibati rayonun (Qusar, Quba, Şamaxı, Qobustan, Hacıqabul və Abşeron) ərazisindən keçir;
- Köç Yolundan hər il 10,000-dən artıq insan və 400,000-dən çox mal-qara istifadə edir.
MEMARLIQ VƏ ETNOQRAFİYA ABİDƏLƏRİ
Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, eyni zamanda gil və mis qablar, daş kitabələr, kitablar və çoxsaylı digər əşyalar var. Xınalıqda XII əsr məscidi, XV əsr məscidi və bir neçə qədim qəbiristanlıq kimi tarixi yerlər var.
Maraqlı faktlardan biri də budur ki, Xınalıqda evləri bir-birinə çox yaxın inşa edirlər. Ərazi dağlıq olduğundan, çox zaman bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çovğunlu günlərdə mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir.
Xınalıqdakı memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var. Kəndin ən yüksək yerində Cümə məscidi yerləşir. Bundan başqa, kənddə Şeyx Salbuz məscidi, Əbu Müslüm Cümə məscidi, Cabbar baba piri, İsrafil baba türbə-məscidi, Möhüc baba piri, Xıdır Nəbi piri və Qüllə pirləri vardır. Xınalıqda Pirə Comərd türbə-məscidi də var. Ümumilikdə kənd ərazisində 31 türbə və ziyarətgah var.
Xınalığın ətrafındakı sərt qayalıqlarda qədim qəbiristanlığın qalıqları var. Bu qəbristanlıqdakı beş pilləli daş qəbirlər onun tarixinin çox qədimlərə gedib çıxdığını təsdiqləyir.
Avqust ayında Xınalıqda bal mövsümünün başlanğıcı qeyd edilir. Yerli bal unudulmaz dadı və iyi ilə fərqlənir. Kənd sakinləri deyirlər ki, Xınalıq balı bir çox xəstəliklərin müalicəsi üçün vasitədir. Payızda isə sakinlər keçi əti mövsümünü xüsusi zövqlə qeyd edirlər.
BƏNZƏRSİZ TƏBİƏTİ
Bu məkanın özünəməxsus gözəlliyi var. Dünyanın ən yüksək yaşayış məskənlərindən biri olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.
Xınalığın yayı sərin, qışı isə çox sərt keçir. İlin çox vaxtı Xınalığa getmək mümkün olmur. Çox zaman bu əraziyə qar artıq payızda, sentyabr ayında yağmağa başlayır.
Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də icmanın iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar.
Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 kilometr məsafədə Şah yaylağı yerləşir. Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Xınalıq 2001-ci ildə “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edilib.
Xınalıq kəndi alp və subalp çəmənlikləri səviyyəsində yerləşir. Bazardüzü (4466 metr), Tufandağ (4191 metr), Şahdağ (4243 metr) və Qızılqaya (3722 metr) zirvələri ilə əhatə olunub.
Yaylaq və qışlaqlar arasındakı ənənəvi Köç Yolu ölkədə müşahidə olunan 9 iqlim tipindən 7-sini əhatə edir:
• Alp çəmənlikləri;
• Subalp çəmənlikləri;
• Dağ meşələri;
• Dağ çölləri;
• Yarım-səhra.