Xocavənd rayonunun Tuğ kəndi Qarabağ dağ silsiləsinin ətəyində yerləşən və Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biridir.
Azərbaycan və dünya tarixində xüsusi əhəmiyyətə malik Paleolit düşərgələri olan Azıx və Tağlar mağaralarının yaxınlığında yerləşən Tuğ kəndi ərazisindəki erkən orta əsrlərə aid bir neçə Alban məbədi ilə xüsusi maraq doğurur. Bu kənd həmçinin vaxtilə Qarabağ bölgəsində elm və mədəniyyət mərkəzi hesab edilirdi. Məhz Azərbaycanda yaradılmış ilk müasirtipli məktəblərdən biri olan Tuğ kənd məktəbi XIX-XX əsrlərdə bir çox tarixi şəxsiyyətləri yetirib. Məktəbin yaradıcısı və banisi zəmanəsinin istedadlı qələm sahibi, “Kitabi-tarixi-Qarabağ” əsərinin müəllifi Mirmehdi Xəzani (1819-1894) olub. Kəndin tarixi hissəsində Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubunda tikilmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər yerləşir. Bununla yanaşı, Tuğ kəndi zəngin təbii potensiala və ekoloji resurslara malikdir.
Tuğ kəndi 1992-ci il oktyabr ayının 30-dan 31-ə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 2020-ci il 9 noyabr tarixində işğaldan azad edilib.
Tarixi dəyərlərinə görə seçilən və böyük turizm potensialına malik olan Tuğ kəndi Qarabağın digər dilbər guşələri kimi dirçəlib yenidən çiçəklənməkdədir.
Tuğ kəndinin Qarabağ memarlıq məktəbinə xas memarlıq üslubunun mühafizə edilməsi və buranın mədəni turizm destinasiyasına çevrilməsi məqsədilə 16 iyun 2023-cü ildə “Tuğ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb.
Tuğ kəndi Qarabağın Aran bölgəsindən dağlıq zonasına keçid hissədə salınıb. Ona görə də bu yaşayış məntəqəsi Şuşa yolu üzərində Qarabağın gözəl təbiətini əks etdirən vacib turizm destinasiyasıdır. Artıq 2023-cü ildə bərpa-quruculuq işləri çərçivəsində Tuğ kəndində ilk yaşayış və bir neçə inzibati binanın təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. Bu səylər gələcək nəsillər üçün bölgənin mədəni və tarixi irsini qorumaq naminə daha böyük bir təşəbbüsün vacib hissəsidir.
QARABAĞDA ŞƏRAB İRSİ
Şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə də məşhurdur. Buradakı şərabçılıq ənənələri daha da inkişaf edərək Qarabağ şərablarına yeni nəfəs verəcək.
XX əsrin 60-80-ci illərində Tuğ kəndində böyük istehsal gücünə malik şərabçılıq zavodları mövcud olub. Kənd işğaldan azad edildikdən sonra Qarabağın məşhur üzüm sortlarından olan “Xindoqnı” üzüm sortu bərpa olunub. 2023-cü ildə “Xindoqnı” üzüm sortlarından hazırlanan şərab Şamaxıda keçirilən yerli şərab festivalında təqdim olunub. Yaxın dövrdə Tuğda şərab zavodunun yaradılması, zavod ətrafında ərazinin abadlaşdırılması və ümumi bir kompleks kimi istifadəsi nəzərdə tutulur. Bura yalnız şərab istehsal edilən yerə deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək.
MƏDƏNİ İRS
Qədim tikililərlə zəngin Tuğ kəndində insan özünü başqa zamanda hiss edir. Kənddə erkən orta əsrlərdən başlayaraq, son orta əsrlərə qədər davam edən dövrə aid edilən bir neçə Alban məbədi, tarixi körpülər, malikanələr, qədim bulaqlar, tağlı körpülər yerləşir.
AZIX MAĞARASI
Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan Azıx mağarası Qarabağın səfalı guşəsində, Tuğ kəndindən beş kilometr məsafədə yerləşir. 1968-ci ildə mağarada aparılan arxeoloji qazıntılar nəticəsində qədim insana məxsus 350-400 min il yaşı olan alt çənə sümüyü aşkar edilib. Qədim insan düşərgələrindən olan Azıx mağarası həm də dünya əhəmiyyətli arxeoloji abidədir.
TAĞLAR MAĞARASI
Tuğ kəndindən iki kilometr məsafədə yerləşən Tağlar mağarası Mustye mədəniyyətinə aid möhtəşəm mağara-düşərgə olmaqla yanaşı, Qafqaz ərazisində Mustye dövrünü öyrənmək üçün unikal arxeoloji abidədir. Dünya əhəmiyyətli arxeoloji abidə olan bu mağara yola yaxın ərazidə yerləşdiyi üçün Azıx mağarasına nisbətən əlçatan mövqeyə malikdir.
TAĞLI KÖRPÜ
Quruçay üzərində XVIII əsrdə inşa edilmiş Tağlı körpü dövlət mühafizəsinə götürülmüş yerli əhəmiyyətli memarlıq abidəsidir. Körpü Tuğ kəndi ilə Tağlar, Azıx mağaralarını və digər qonşu kəndləri birləşdirən tarixi yolun üzərində salınıb. Memarlıq üslubu baxımdan Qarabağ zonasında çaylar üzərində rast gəlinən, orta əsrlərdə inşa edilmiş digər körpülər ilə oxşardır. Sel-daşqın təhlükəsindən qorunma məqsədilə körpü çay yatağından hündür inşa edilib.
MÜQƏDDƏS İOHAN MƏBƏDİ
Tuğ kəndinin ərazisində yerləşən üç qədim xristian məbədindən ən qədimi Müqəddəs İohan məbədidir. Ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmış bu abidənin həyətində daşoyma sənətinin nəfis nümunələri olan sənduqə tipli qəbirlər yerləşir. Bu qəbir daşları üzərində Qarabağın orta əsrlərə aid etnoqrafik xarakterli səhnələri oyulub. Buradan bütün kənd ərazisinə, həmçinin ətraf dağlara gözəl mənzərə açılır.
KTİŞVƏNG MONASTIR KOMPLEKSİ
Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olub, VIII əsrdən etibarən həmin sülalənin Dizaq qolunun himayəsinə keçib. XIII əsrdə yeni tikililər hesabına monastırın ərazisi genişlənib və Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilib. Monastırın divarlarında yerləşdirilmiş kitabələr ərazinin orta əsrlər tarixi barədə vacib məlumatlar verir. Mənbələrdə monastırın adı Ktiş, Qtiç və Qtiçavəng kimi də qeyd edilir.