“Yel çərşənbəsi”nə həsr olunmuş tədbir keçirilib

Şəki rayonunun Kiş kəndini əhatə edən "Kiş" Tarix-Memarlıq Qoruğu ərazisində “Yel çərşənbəsi”nə həsr edilmiş musiqili-əyləncəli tədbir keçirilib.

Bayram şənliyində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki "Kiş" Tarix-Memarlıq Qoruğunun əməkdaşları, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" Folklor Evinin təmsilçiləri, media mənsubları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə xalqımızın ənənəvi bayramı olan Novruzla bağlı müxtəlif səhnəciklər göstərilib, baharın gəlişinə və Novruza aid mahnılar ifa olunub, kəndir dartma, yumurta döyüşdürmə və sair kimi adətlər nümayiş etdirilib.

Xatırladaq ki, Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyəti nəzərə alınaraq, "Kiş" Tarix-Memarlıq Qoruğunda da bayram şənlikləri ənənəvi olaraq hər il keçirilir.

Xəbərlərə abunə olun