Şirvan memarlıq məktəbinin nadir nümunəsi

REAL TV-nin əməkdaşı Sabir Səfərov 17-22 may tarixlərində Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycanın tarix və sənətkarlıq beşiyi, memarlıq salnaməsi Şəkidən, eləcə də ən qədim mədəniyyət və memarlıq mərkəzlərindən biri sayılan Şamaxıdan xüsusi reportajlar hazırlayıb.

“Şirvanın şahı şəhər” adlanan növbəti süjetdə qeyd olunub ki, qədim Albaniya dövlətinin mühüm yaşayış məskənlərindən biri olan Şamaxı əsrlər boyu məbədləri, türbələri, qalaları və müdafiə divarları ilə seçilib. Şamaxının Şirvanşahlar dövlətinin paytaxtı olması da onun tarixi əhəmiyyətini göstərir.

Bildirilib ki, Şirvan memarlıq məktəbinin ən nadir nümunələrindən olan “Diri Baba” türbəsi memarlıq xüsusiyyətlərinə görə Qafqazın unikal abidələrindən biridir. Belə ki, tikilinin daxilindəki bir hissə qaya içərisində təbii oyma nəticəsində formalaşmış oyuqda yerləşir. “Diri Baba” abidəsinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin təbii ətraf mühiti (qayalıqlar, dərəvari təbii strukturda yerləşməsi) bütövlükdə mədəni məzmun əmələ gətirərək, ümumi tarixi landşaft formalaşdırır.

“Diri Baba” türbəsi Azərbaycanın orta əsr memarlıq tarixinin öyrənilməsi, həmçinin Şamaxı-Şirvan bölgəsinin sufi ənənəsinin turistlər tərəfindən kəşf edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat verilib ki, dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Diri Baba” türbəsinin kitabəsindəki məlumatlara görə, bu abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) əmri ilə tikilib. Türbənin daxili divarlarında “Ustad bin Hacı” (Ustad Hacı oğlu) yazısına rast gəlinir.

Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur.

Reportajda Şamaxı Cümə Məscidi, Kələxana türbələri və Yeddigünbəz Türbələr Kompleksindən də ətraflı bəhs edilib.

Xəbərlərə abunə olun