Şəkinin tarixinə canlı səyahət

Şəki və ətraf rayonlarda yayım həyata keçirən “Kanal-S” Televiziyası Şəki Tarix-Diyarşünaslıq Muzeyindən süjet hazırlayıb.

Süjetdə qeyd olunub ki, bərpadan sonra yenilənmiş siması ilə Şəki Tarix-Diyarşünaslıq Muzeyi artıq ziyarətçiləri daha fərqli mühitdə qarşılayır. Müasir tərtibat və rahat ekspozisiya zalları burada tarixə baxışı bir qədər dəyişir.

“Kanal-S” Televiziyasının müxbiri Mübariz Zəki bildirib ki, muzeydə sərgilənən eksponatlar Şəkinin qədim dövrlərdən indiyə qədər keçdiyi inkişaf yolunu nümayiş etdirir. Muzeyi ziyarət edən yerli və xarici qonaqlar Şəkinin tarixinə canlı səyahət etmək imkanı qazanırlar.

Vurğulanıb ki, muzeydə bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən 3500-dən çox eksponat qorunur. Həmin eksponatlardan 1826-sı sərgi zallarında nümayiş olunur.

Süjetdə muzeyin bələdçisi Sevinc Daşdəmirovanın fikirlərinə də geniş yer verilib. O, Şəki Tarix-Diyarşünaslıq Muzeyinin yaranma tarixi, keçdiyi inkişaf yolu, nümayiş olunan maddi-mədəniyyət nümunələri və sair haqqında məlumat verib.

Xəbərlərə abunə olun