İyulun 11-də "Şəhər Günü" münasibətilə Şəkidə "Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə" adlı tədbir və tədbir çərçivəsində "UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri" mövzusunda panel iclası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəki şəhər Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş yeri sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Mərkəzin akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki şəhəri və Xan Sarayı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi haqqında, həmçinin Şəki şəhərinin tarixi irsinin qorunması, bərpası və abadlaşdırılması istiqamətində görülən işləri əks etdirən qısa filmlər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq elmləri doktoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadə Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələrindən, tarixi şəhərlərimizin qorunması sahəsində görülən işlərdən və gələcək inkişaf prespektivlərindən bəhs ediblər, bu il qədim Şəki şəhərinin 2714 illiyinin qeyd olunduğunu vurğulayaq, bu münasibətlə şəhər sakinlərini təbrik ediblər.
Qeyd olunub ki, milli şəhərsalma irsimizə xüsusi önəm verilməsi, şəhərlərimizin simvollarına çevrilən memarlıq abidələrimizə qayğılı münasibət Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasətinin bir parçası olub və bu kurs Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq uğurla davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizdə şəhərsalma sahəsinə, tarixi-mədəni irsimizə verilən əhəmiyyətin, yüksək dəyərin növbəti ifadəsidir.
Vurğulanıb ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Şəki şəhəri, onun memarlıq irsi, tarixi şəhər mühiti və son illərdə həyata keçirilən bərpa və abadlıq işləri xarici qonaqlarda böyük maraq doğurur. Şəki şəhəri beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edərək Azərbaycanın tarixi-mədəni irsinin dünyaya tanıdılmasında mühüm rol oynayır.
Sonra tədbir "UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri" mövzusunda panel muzakirələrlə davam edib. Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü İnarə Əzimzadənin moderatorluğu ilə keçirilən panel iclasda sualları Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sabinə Hacıyeva və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli cavablandırıblar.
Tədbirdə Şəki şəhərinin tarixi-mədəni irsinin qorunması, bərpası və abadlaşdırılması istiqamətində xüsusi əməyi olan bərpaçı-memar Sehran Məmmədova, “Bakı Abadlıq Xidməti” MMC-nin memarı Rüfət Quliyevə və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü İnarə Əzimzadəyə təşəkkür bildirilib.
"Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə” adlı tədbirin iştirakçıları Şəki şəhər Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında aparılan bərpa və yenidənqurma işləri ilə, həmçinin Şəki şəhər İncəsənət Məktəbinin yeni istifadəyə verilən binasında, Şəki Tarix-Diyarşünaslıq Muzeyində, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Mənbə: Şəki Şəhər İcra Hakimiyyəti