Qafqazın ən qədim apostol məbədi

REAL TV-nin əməkdaşı Sabir Səfərov 17-22 may tarixlərində Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycanın tarix və sənətkarlıq beşiyi, memarlıq salnaməsi Şəkidən xüsusi reportajlar hazırlayıb.

“Kiş kəndi: Ay məbədi” adlı növbəti reportajda müəllif və aparıcı S.Səfərov “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tikililərin tarixinə, memarlıq üslubuna diqqət çəkib.

Bildirilib ki, “Kiş” Tarix-Memarlıq Qoruğu Şəkidən 5 km uzaqlıqda yerləşən Kiş kəndini əhatə edir. Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir. İki min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır.

Reportajda şair-publisist Vaqif Aslan Azərbaycanın qədim dövr inşaat və şəhərsalma üslubunu özündə birləşdirən Kiş kəndinin yaranma tarixindən danışıb. Vurğulanıb ki, bu kənd qədim toponim və abidələrlə zəngindir.

“Kiş” Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnaz Rəsulova isə Kiş Alban məbədinin tarixi, burada nümayiş olunan eksponatlar və sair barədə geniş məlumat verib.

Xəbərlərə abunə olun