Od çərşənbəsinə həsr edilmiş tədbir keçirilib

Abşeron rayonunun ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda martın 4-də Od çərşənbəsinə həsr edilmiş musiqili-əyləncəli tədbir keçirilib.

Bayram şənliyində Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə xalqımızın ənənəvi bayramı olan Novruzla bağlı müxtəlif səhnəciklər göstərilib, baharın gəlişinə və Novruza aid mahnılar ifa olunub. Milli rəqslər və mahnılar, nağara və saz çalanlar ansamblının çıxışları, xına mərasimi, Novruz falı, Keçəllə Kosanın məzhəkəli tamaşası, Bahar qızın gəlişi tamaşaçılarda xoş ovqat yaradıb.

Tədbir çərçivəsində aztəminatlı və əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub.

Xatırladaq ki, Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyəti nəzərə alınaraq, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda bayram şənlikləri ənənəvi olaraq hər il keçirilir.

Xəbərlərə abunə olun