Könüllü qanvermə aksiyası təşkil olunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində fevralın 9-da Dövlət Turizm Agentliyində qurumun və tabe orqanların əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiyanın əsas məqsədi yalnız hazırda müalicə alan xəstələrə dəstək göstərmək deyil, eyni zamanda xəstəliklərin yayılmasının qarşısını almaq və etibarlı, əlçatan, sağlam donor qanı ehtiyatının formalaşdırılmasını təmin etməkdir.

Qanvermə prosesinə rəhbərlik Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəzdindəki Mərkəzi Qan Bankının ixtisaslaşmış tibb briqadası tərəfindən həyata keçirilib.

Tibb işçiləri əvvəlcə donor olmaq istəyən əməkdaşların ümumi sağlamlıq vəziyyətini dəyərləndiriblər. Qanvermə prosesinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün terapevtik baxış keçirilib, iştirakçılardan tibbi anamnez alınıb. Daha sonra arterial təzyiq, nəbz, bədən temperaturu, çəki və boy göstəriciləri ölçülüb, həmçinin qanda hemoqlobin səviyyəsi təyin edildikdən sonra uyğun hesab edilən şəxslərə qan verməyə icazə verilib.

Donorlardan götürülmüş qan nümunələri laborator şəraitdə müayinədən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunmaq üçün Mərkəzi Qan Bankında toplanacaq.

Xəbərlərə abunə olun