"Это Азербайджан" verilişinin növbəti buraxılışı Lahıc qəsəbəsinə həsr olunub

CBC TV-nin "Это Азербайджан" verilişinin növbəti buraxılışı İsmayıllı rayonunun Lahıc qəsəbəsinə həsr olunub. Verilişin müəllifi və aparıcısı Mixail Altuxov çəkiliş prosesində “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olub, qədim Hacı Molla Hüseyn hamamına baş çəkib, XIX əsr ustalarının əl işini, memarlıq üslubunu tamaşaçılara çatdırıb.

Müəllif Lahıcın buzlu, dik küçələrində hərəkət edərək, onun tarixindən danışıb, lahıclı sənətkarların əl işləri ilə tanış olub, "Lahıc" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Nəzər Əliyevdən qəsəbədə aparılan təmir-bərpa işləri, qorunan abidələr barədə müsahibə alıb.

M.Altuxov Lahıc qəsəbəsində 1791-ci ildə inşa edilən, müasir dövrümüzdə yerli əhəmiyyətli abidə kimi Heydər Əliyev Fondu tərəfindən bərpa olunan və Dövlət Turizm Agentliyi tərəfindən qorunan “Bədöyün məscidi” barədə də məlumat verib.

CBC TV-nin çəkiliş qrupu Lahıcda Mövlanovlar ailəsini də ziyarət edib. M.Altuxov burada heyva yarpaqlarından hazırlanmış unikal Lahıc dolmasının reseptini öyrənib, “Yeddi qardaş” ədviyyat qarışığının sirrini açıb.

Daha ətraflı videosüjetdən izləyə bilərsiniz:

Xəbərlərə abunə olun