Bu ilin dörd ayında qoruq və muzeyləri ziyarət edənlərin sayı açıqlanıb

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrini bu ilin yanvar-aprel aylarında ziyarət edənlərin sayı açıqlanıb.

Cari ilin dörd ayında ən çox ziyarət edilən məkanlardan biri “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu olub. Həmin obyektə 91474 əcnəbi, 9579 yerli ziyarətçi baş çəkib. Ödənişsiz ziyarətçilərin sayı 8561 nəfər olub.

Dörd ay ərzində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu 81376 nəfər əcnəbi, 7182 nəfər yerli turist ziyarət edib. Ödənişsiz ziyarətçilərin sayı 7412 nəfər olub.

Həmin müddətdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna 14209 nəfər yerli, 15906 nəfər əcnəbi, 7187 nəfər ödənişsiz şəkildə giriş əldə edib.

Palçıq Vulkanları Turizm Kompleksi də turistlərin böyük marağına səbəb olub. Həmin kompleksi ziyarət edənlər arasında 10396 əcnəbi, 2270 yerli, 2276 ödənişsiz izləyici olub. 

Digər obyektlərdən “Kiş” Tarix-Memarlıq Qoruğunun 4294 yerli, 4572 əcnəbi, 1713 ödənişsiz, “Diri Baba” türbəsinin 3115 yerli, 4359 əcnəbi, 3378 ödənişsiz, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun 876 yerli, 87 əcnəbi, 280 ödənişsiz, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyinin 341 yerli, 146 əcnəbi, 249 ödənişsiz, Şəki Dövlət Rəsm Qalereyasının isə 607 yerli, 237 əcnəbi, 483 ödənişsiz ziyarətçisi olub.

Bu ilin yanvar-aprel aylarında qoruq və mədəniyyət müəssisələrini, ümumilikdə 42473 yerli, 203153 əcnəbi, 31549 ödənişsiz kateqoriyaya daxil olan turist ziyarət edib.

Qeyd edək ki, Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki müəssisələrdə bilet qiymətləri müxtəlifdir. Yerli vətəndaşlar üçün bilet qiymətləri adətən 1-5 manat arasında dəyişir, tələbələrə isə güzəştli tariflər tətbiq olunur. Xarici turistlər üçün bütün qoruq və müəssisələrə giriş qiymətləri 9, yalnız Palçıq Vulkanları Turizm Kompleksinə giriş qiyməti 15 manat təşkil edir.

Əlilliyi olan şəxslər, məktəblilər, qazilər, müharibə veteranları və şəhid ailəsi üzvləri isə qoruqlara ödənişsiz daxil ola bilirlər. 12 yaşa qədər xarici turistlərə də giriş pulsuzdur.

Xəbərlərə abunə olun