Beş minillik tarixi olan Xınalıq

Azərbaycan Dövlət Televiziyası (AzTv) və “İctimai” Televiziya (İTV) “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğundan xüsusi reportaj hazırlayıb.

Reportajlarda Xınalığın beş minillik tarixindən, özünəməxsus memarlığından və əsrlərin yaddaşını qoruyub saxlayan tarixi abidələrindən bəhs edilib.

Qeyd olunub ki, Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar var. Bütün bu maddi-mədəniyyət nümunələri kənddəki muzeydə nümayiş olunur.

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2025-ci ildə isə Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” elan olunub.

Xınalıq kəndində özünəməxsus memarlıq üslubu ilə seçilən 160 ev yaşayış məntəqəsinin tarixi hissəsində yerləşməklə, vaxtilə ənənəvi üsulla tikilib. İndiyə qədər onlardan 41-i tarixi görkəmi və memarlıq üslubu qorunmaqla təmir edilib, sahiblərinə təhvil verilib.

Reportajlarda müxbirlər Rauf Əhmədov və Ramiz Ramazanlı Xınalığı ziyarət edən xarici turistlərlə, həmçinin yerli sakin Bəhmən Zeynalov, “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun əməkdaşı İzzət Bağırovla da həmsöhbət olub, onların fikirlərini öyrəniblər.

Xəbərlərə abunə olun