Mayın 10-da Azərbaycan Turizm Bürosu (ATB) və Qoruqları İdarəetmə Mərkəzi (QİM) tərəfindən İsmayıllı rayonunun Basqal qəsəbəsində “Youth4Tourism” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbirin məqsədi gənclər arasında turizmin sosial-iqtisadi əhəmiyyəti barədə məlumatlılığı artırmaq olub. Tədbirə 10 yerli gənc qatılaraq turizmin regional inkişafı təşviq edən gücü və Basqalın gələcək turizm istiqaməti kimi formalaşmasında gənclərin oynaya biləcəyi mühüm rol barədə müzakirələr aparıblar.
Tədbirdə turizmin məşğulluğun yaradılması, mədəni irsin qorunması və icma potensialının gücləndirilməsi kimi istiqamətlərdə mühüm inkişaf amili olduğu vurğulanıb. İştirakçılar Basqalın sürətlə genişlənən turizm imkanlarına fəal şəkildə cəlb olunmağa səslənib. Onlara kənd turizmində mövcud olan müxtəlif peşə istiqamətləri - qonaqpərvərlik və hotelçilik, bələdçilik, sənətkarlıq məhsullarının istehsalı, tədbirlərin təşkili, rəqəmsal marketinq və sahibkarlıq barədə məlumat verilib.
Müzakirələr zamanı Basqalın xüsusi turizm potensialına diqqət çəkilib. Qeyd olunub ki, UNESCO tərəfindən tanınan kəlağayı sənətkarlığı irsi, tarixi Hamam Muzeyi, zəngin təbiət resursları və İsmayıllı turizm klasteri daxilində strateji mövqeyi Basqalın üstünlüyüdür. Bu regionun tanıdılmasında və ziyarətçi təcrübəsinin inkişafında gənclərin iştirakı üçün real imkanlar var. Təlimdə digər regionlarda uğurla həyata keçirilmiş gənclərin rəhbərlik etdiyi turizm təşəbbüslərindən nümunələr təqdim edilib, fəal gəncliyin əldə edə biləcəyi nəticələr nümayiş olunub.
Təlim dayanıqlı turizm prinsipləri, ətraf mühitə məsuliyyətli yanaşma və Basqalın təbii resursları ilə mədəni irsinin gələcək nəsillər üçün qorunmasının vacibliyini əhatə edib. İştirakçılar interaktiv qrup müzakirələrində və fəaliyyətlərdə iştirak edərək, yerli turizmdə gənclərin rolunun gücləndirilməsi, eləcə də kommunikasiya, komanda işi və liderlik bacarıqlarının turizm layihələri və könüllülük fəaliyyətləri vasitəsilə inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Xatırladaq ki, Basqalda həyata keçirilən “Youth4Tourism” təşəbbüsü Azərbaycan Turizm Bürosu (ATB) və Qoruqları İdarəetmə Mərkəzi (QİM) tərəfindən icra olunan daha geniş icma potensialının gücləndirilməsi proqramının tərkib hissəsidir. Bu, Basqal Dayanıqlı Turizm Strategiyasının yerli məktəblər və peşə təhsili müəssisələri vasitəsilə gənclərin turizm sektoruna inteqrasiyasını dəstəkləmək məqsədinə uyğundur. Qeyd olunan tədbir də gənclərin turizm inkişafında yalnız faydalanan tərəf deyil, eyni zamanda bu prosesin əsas iştirakçısı olduqlarına dair yanaşmanı bir daha təsdiqləyir.