Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin şüşə sənətçisi Nasuf Cömərt 14-21 noyabrda Azərbaycanda səfərdə olub. Türkiyəli qonaq Bakıda olduğu müddətdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində, həmçinin “Nine Senses” Yaradıcılıq və İncəsənət Mərkəzində şüşə sənəti üzrə təlimlər keçib.
Təlimlərdə N.Cömərt oksigenlə qızdırdığı şüşəyə üfürmə üsulu ilə forma verərək müxtəlif sənət əsərləri, suvenirlər yaradıb. Ustad dərsləri müddətində o, öz əsərlərinin hazırlanma prosesini əyani şəkildə göstərib, 16 nəfər təlim iştirakçısına 1 həftə ərzində qədim və incə şüşə sənətinin sirlərini öyrədib.
Təlimlərin yekunu olaraq, noyabrın 21-də “Nine Senses” Yaradıcılıq və İncəsənət Mərkəzində tədbir keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli çıxış edərək, qeyri-maddi mədəni irs daşıyıcısı N.Cömərtin şüşə sənətçisi kimi fəaliyyətindən söhbət açıb. Bildirib ki, N.Cömərt dünyanın 80-dən çox ölkəsində keçirilən sərgilərdə və tədbirlərdə öz sənətini nümayiş etdirib.
Qeyd olunub ki, Bakıda təşkil edilən ustad dərslərində N.Cömərt təlimçilərlə birlikdə şüşədən “çeşm-i bülbül”, göz yaşı şüşəsi, ətir şüşəsi, göz muncuğu, şamdan, şüşə boyunbağı, üzük, balerina, miniatür Mövlana, həmçinin müxtəlif heyvan fiqurları hazırlayıb, bu sənətin incəliklərini yeniyetmə və gənclərə, sənətkarlara öyrədib.
Şüşə sənətçisi N.Cömərt təlimlərdə gənclərin xüsusi maraq və fəallıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Əminliklə vurğulayıb ki, şüşə sənəti Azərbaycanda yaşayacaq və inkişaf edəcək.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sənətkarlıq ənənələrinin yaşadılması və inkişafı üçün faydalı olan “Şüşə sənəti” təlimlərinin yüksək səviyyədə təşkilində, həmçinin bu sənətin sirlərinin sənətkarlara və gənclərə öyrədilməsində göstərdiyi təşəbbüskarlığa, fədakarlığa görə N.Cömərti Təşəkkürnamə ilə təltif edib.
Sonra ustad dərslərində aktiv iştirak edən yeniyetmə və gənclərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.