Azərbaycan qoruqları Koreyada təbliğ olunub

Koreya Respublikasının "KBS Travel - Dünyaya səyahət" "YouTube" kanalı Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqlardan reportaj hazırlayıb.

"KBS Travel"in çəkiliş qrupu əvvəlcə Şəki şəhərində, "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində olub. Onlar burada tarixi məkanları ziyarət edib, Şəkiyə məxsus şirniyyat növünün – Şəki halvasının hazırlanması və özəlliyi barədə məlumat əldə edib, halvaçı dükanında turistlərlə həmsöhbət olub, onlarla birlikdə Şəki halvasını dadıblar.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baş çəkən koreyalı qonaqlara bələdçi İlahə Eyvazlı turizm obyekti barədə məlumat verib. Qeyd olunub ki, Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edən "KBS Travel"in çəkiliş qrupu “Qılınc” palçıq vulkanını izləyib. Kompleksin fəaliyyəti barədə onlara məlumat verilib. Bildirilib ki, Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir.

Qonaqlar Kompleksin Turizm İnformasiya Mərkəzi, “Təbiət tarixi” sərgi zalı və emalatxana ilə də tanış olublar. Onlara palçıq vulkanlarının xüsusiyyətləri, təbii özəllikləri haqqında məlumat verilib. Koreyalı qonaqlar palçıq vulkanının maketinə, Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümunələrinə baxış keçirib, həmçinin mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair bilgilər əldə ediblər. 

Azərbaycanda səfərdə olduqları müddətdə koreyalı qonaqlar “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tabeliyindəki “Diri Baba” memarlıq abidəsini də ziyarət ediblər. Memarlıq abidə kompleksinin direktoru Yusif Məmmədov KBS TV-yə müsahibə verib. Qeyd edib ki, “Diri Baba” türbəsi Azərbaycanın orta əsr memarlıq tarixinin öyrənilməsi baxımdan, həmçinin Şamaxı-Şirvan bölgəsinin sufi ənənəsinin turistlər tərəfindən kəşf edilməsi üçün birinci halqa təşkil edir. “Diri Baba” türbəsinin kitabəsindəki məlumatlara görə, bu abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) əmri ilə tikilib. Türbənin daxili divarlarında “Ustad bin Hacı” (Ustad Hacı oğlu) yazısına rast gəlinir. Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur. 

Həmçinin vurğulanıb ki, tarixi İpək Yolu üzərində yerləşən “Diri Baba” türbəsi əsrlər boyu Şirvan bölgəsinə səyahət etmiş avropalı diplomat və səyyahların diqqətini cəlb edib. XVII əsrdə avropalı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, XVIII əsrin əvvəllərində Cornelius de Brun kimi səyyahlar abidəni ziyarət ediblər. Onlar tərəfindən çəkilmiş qravürlər abidənin keçmiş görünüşü haqqında çox qiymətli mənbələrdir.  

Xəbərlərə abunə olun