Şəki Xalq Tətbiqi Sənəti Muzeyi 1985-ci il iyunun 9-da açılıb. Uzun illər ərzində Dairəvi Məbəd adlanan tarixi abidənin binasında fəaliyyət göstərən bu mədəniyyət müəssisəsi zəngin fonda malikdir. Bu binada 600-ə yaxın xalq sənəti və dekorativ sənət əsərləri nümayiş etdirilib.
2022-ci ildən etibarən muzey ekspozisiyasının bir qismi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Xan Məscidinin sərgi zalında nümayiş etdirilməkdədir. Burada Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur.
Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Muzeyin birinci mərtəbəsində təqdim olunan elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır.
İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin “Şəki xanlarının tarixi” kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.
Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir. Bu hissədə Şəki xanı Məhəmmədhüseyn xan Müştağın təşkil etdiyi ədəbi məclislərdə istifadə olunan ud musiqi aləti, Şəki xanı Məhəmmədhüseyn xanın taxtının tarixi mənbələrdə olan təsvirləri əsasında 2014-2015-ci illərdə hazırlanmış replikası, Şəki Xan Sarayındakı miniatür təsvirlər əsasında hazırlanmış xanın geyimi təqdim olunur. Bununla yanaşı, xan otağını gözəl şahmat oyunu ilə hamını heyran edən Məhəmmədhüseyn xanın şahmat taxtası, onun daima oxuduğu “Qurani-Kərim” bəzəyir. Otaqda XVIII əsrdə istifadə olunmuş Şəki xanlığının bayrağı və Şəki xanı Səlim xanın döyüş bayrağı da nümayiş etdirilir. Xan otağında “Müştaq” təxəllüsü ilə şeirlər yazan və o dövrün məşhur şairləri ilə məktublaşan Məhəmmədhüseyn xanın yazı masası da təqdim olunur.