Şəki Dövlət Rəsm Qalereyası

Şəki şəhəri, Qala divarları

1895-ci ildə Çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilən bu tarixi tikili 1982-ci ildən Rəsm Qalereyası kimi istifadə edilir. Bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Yerli memarlıq üslubunda çay daşı və bişmiş kərpic materiallarından tikilmiş bu tarixi bina bir mərtəbədən, dörd zaldan və dörd otaqdan ibarətdir. Bina qərbdən və cənubdan Qala divarları ilə əhatə olunub.

Rəsm Qalereyası binanın tarixi-memarlıq dəyərləri qorunmaqla Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilib.

Rəsm Qalereyasının fondunda 254 ədəd eksponat var. Bu 254 eksponatdan 69 ədədi hazırda ekspozisiyada sərgilənir, 185 ədədi qalereyanın fond otağında saxlanılır. Qalereyada sərgilənən 69 eksponatdan 61 ədədi rəsm əsəri (25 qrafika, 31 rəngkarlıq, 5 dekorativ-tətbiqi sənət əsəri), 8 ədədi isə heykəldir.

Qalereyada həm ölkə, həm də Şəki miqyasında məşhur Azərbaycan rəssamlarının sənət işləri sərgilənir. Ekspozisiyanın qurulması zamanı xüsusi diqqət edilib ki, incəsənət əsərləri Azərbaycan incəsənət tarixini, onun mövzu və üslubca müxtəlif istiqamətlərini, müxtəlif inkişaf dövrlərini dərindən başa düşməyə kömək etsin.

Qalereya fəaliyyətə başladığı vaxtdan indiyədək burada bir-birindən rəngarəng sərgilər təşkil olunub. Çox sayda rəssamın yaratdığı əsərlərin, eləcə də gənc istedadların üzə çıxarılmasında fərdi sərgilərin təşkili ənənə şəklini alıb. Fərdi sərgiləri təşkil olunmuş gənclərin demək olar ki, əksəriyyətinin sorağı Rəssamlıq Akademiyasından gəlir.

Zəngin fonda malik qalereyada vaxtaşırı sərgilər təşkil olunmaqla yanaşı, yerli rəssamların satış sərgiləri də keçirilir. 

Rəsm Qalereyasının ekspozisiya zallarında müəyyən mövzular üzrə əsərlər nümayiş etdirilir:

  1. Birinci zalda 1950-1970-ci illərdə rəssamların əsasən İkinci Dünya müharibəsinin xatirəsinə, bəzi tarixi və ənənəvi məşğuliyyət sahələrinə, tarixi və mədəni irsə öz əsərlərini həsr etdiyini görürük.
  2. İkinci zalda 1960-1980-ci illərdə Azərbaycan rəssamlarının bəzi milli idman növlərinə, sənətkarlıq sahələrinə, sadə insanların gündəlik həyatına həsr etdiyi əsərləri görürük.
  3. Üçüncü zalda əsasən Azərbaycan incəsənətinin müxtəlif janr və üslublarını əks etdirən sənət əsərlərini görə bilirik.

Ekspozisiyadakı incəsənət əsərlərinin mühafizəsi üçün müvafiq temperatur və rütubət rejiminə əməl edən sistem quraşdırılıb.

Əsas mərkəzi sənət əsəri:

  • Birinci zalda Xalq rəssamı Maral Rəhmanzadənin “Kəlağayı geyinmiş qadın” əsəri
  • İkinci zalda “Zəngəzurda” əsərində yaylağa köç edən sürü 
  • İkinci zalda “Qaragöl” (Laçın rayonunda, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yerləşən göl) əsəri
  • Üçüncü zalda mərkəzi divarda Azərbaycanın görkəmli rəssamları Altay Sadıqzadənin “Sahil”, Sakit Məmmədovun “Şərq motivi”, Elbəy Rzaquliyevin “Qırmızı atlılar” əsərləri nümayiş olunur.

Şəki Dövlət Rəsm Qalereyası 16 avqust 2019-cu ildə Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib.

Xəbərlərə abunə olun