Şəbəkə Emalatxanası və Təlim Mərkəzinin Sərgi zalı

Sərgi zalı Azərbaycanın dekorativ-tətbiqi sənətinin daşoyma, migərlik, zərgərlik, ağacişləmə, keramika növlərinə aid nümunələrdə geniş istifadə olunan bədii tor quruluşlu “şəbəkə” kompozisiya və  texniki üslubuna həsr olunub.

Şəbəkə kompozisiyası orta əsrlərdə İslam dininin tələblərinə uyğun olaraq antropomorf və zoomorf təsvirlər əvəzinə həndəsi və nəbati ornamentlərin ön plana keçməsi nəticəsində ortaya çıxan zəngin bədii ənənədir.

Zalda, ilk stenddə yerləşən monitorda “şəbəkə” ornamental quruluşun meydana gəlməsini əks etdirən animasiya nümayiş olunur. Bundan başqa stenddə  Azərbaycanın müxtəlif bölgələrində yerləşən elementləri şəbəkə naxışlı və şəbəkə texnikasında işlənilmiş memarlıq abidələrinin fotolarından ibarət guşə mövcuddur. Növbəti eksponat XIII-XV əsrlərdə əsrlərə aid sufi alim-filosof Pir Hüseynin şərəfinə ucaldılan xanəgahda yerləşən türbənin şəbəkə quruluşlu kaşı (mulyaj) nümunələridir. Ulduz və yarımulduzlar əsasında yığılmış kaşıların üzərində həndəsi şəbəkə naxışlara rast gəlmək mümkündür. Stendə daşoyma şəbəkə nümunələrinə isə kainatda  vəhdət və harmoniya sistemi ehtiva edən zərif ulduzlu kompozisiyaya malik Seyid Yahya Bakuvi məqbərəsinin pəncərəsi (mulyaj) və Kələxana türbələrinin ərazisində yerləşən məzar daşının “səlcuq zənciri” adlanan şəbəkə naxışlı həndəsi şəbəkə ornamentli fraqmenti (mulyaj) nümayiş olunur.

Zalda nümayiş olunan digər şəbəkə naxışlı dekoratik- tətbiqi sənət nümunəsi XX əsrə aid Lahıc misgərlik məktəbinə məxsus mis sinidir.

Həm şəbəkə naxışlı, həm də şəbəkə texnikasında hazırlanmış zərgərlik nümunələri sərgi zalının ən qiymətli eksponatlarındandır.

Dünya incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənəti nümunələri xalqımızın çoxəsrlik mədəniyyətini memarlıq nümunələri, məişəti, adət-ənənələri və s. haqqında ən dəqiq vizual məlumat verən mənbələrdir. Bu baxımdan şəbəkə sənətinin tarixinin öyrənilməsində ən etibarlı mənbə hesab edilən bir neçə miniatür nümunələri də sərgidə öz yerini almışdır. Bu əsərlərdə şəbəkə üsulunda yığılan müxtəlif kompozisiya və quruluşlu taxt və masalar, sarayların qapı, pəncərə, məhəccər, arakəsmə və asma eyvanlarının təsvir olunması bu sənətə hələ qədimdən tələbatın olması və onun yüksək səviyyədə inkişaf etməsini göstərir.

Ekspozisiyanın ikinci və üçüncü zalı ağacişləmə sənətinin şəbəkə növünə həsr olunub. Burada taxta araksəmələr, şərbət qaşıqları, mücrü, pəncərələr, tavan fraqmenti və s. nümayış edilir. Bu eksponatların bir qismi Azərbaycanın ağacişləmə sənətinin məşhur sənətkarlarından olmuş bakılı Əbdülhüseyn Babayev və şəkili Əşrəf Rəsulova məxsus əl işi nümunələridir. Onu da qeyd edək ki, bu eksponatlar içərisində ən qiymətlilərindən biri- şəbəkə pənəcərə üzərində qədim murano şüşələrini əyani şəkildə görmək mümükündür.

Film otağında isə Sovet dövründə çəkilmiş şəkili şəbəkə ustası Əşrəf Rəsulova həsr edilmiş 2 dəqiqəlik sənədli film nümayiş edilir.

Emalatxananın masterklas otağında isə ziyarətçilər üçün məşhur şəbəkə ustası Tofiq Rəsulov tərəfindən ağacişləmə şəbəkənin qurulma qaydasını öyrədən qısa müddətli  ustad dərslərinin keçirilir.

Emalatxananın çardaq hissədində yerləşən tədris otağı emalatxanada fəaliyyət göstərən şəbəkə ustası Tofiq Rəsulov bu peşənin sirlərini öyrənmək istəyən tələbələrə dərslər keçir. Burada həmçinin şəbəkəli xalça nümunəsi və ağacişləmə nümunəsi olan 16 formada açılan rəhil nümayiş etdirilir.

Xəbərlərə abunə olun